ELM VƏ TƏHSİL
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə sentyabr konfransı keçirilib
Bakı, 12 sentyabr, AZƏRTAC
Sentyabrın 12-də Şirvan-Salyan Regional Təhsil İdarəsinə daxil olan bölgələr üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbiri açan Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli konfransın işinə uğurlar arzulayıb.
Sonra Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsil sektorunun müdiri İlahə Rəsulova ümumi təhsilin prioritet istiqamətlərini diqqətə çatdırıb, sertifikasiya, ümumi təhsilin təşkili, idarə olunması və digər məsələlər barədə məlumat verib. Yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunan İlahə Rəsulova təhsil işçilərinə uğurlar arzulayıb.
Tədbirin sonunda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib və suallar cavablandırılıb.
Konfransda Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvar rayonlarında çalışan təhsil işçiləri iştirak ediblər.