ŞİRVAN ŞƏHƏRİNDƏ BAYRAM OVQATI
AZƏRTAC xəbər verir ki, iyunun 14-də Milli Qurtuluş günü münasibətilə Şirvan şəhərində əsl bayram ovqatı yaşanmışdır.
Şəhərin minlərlə sakini xalqın böyük xilaskarının xatirəsinə ehtiramını bildirmək üçün abidəsini ziyarət etmiş, önünə tər güllər düzmüşdür.
Şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında bayram tədbiri keçirilmişdir.
Əvvəlcə icra hakimiyyətinin başçısı Mərdan Camalovun məruzəsi dinlənilmişdir. Natiq 1993-cü ilin təlatümlü iyun günlərində xalqımızı gözləyən dəhşətli fəlakətləri yada salmışdır. Qeyd etmişdir ki, o vaxt ölkədə əsl hərc-mərclik hökm sürürdü. Respublikaya rəhbərlik edən AXC-Müsavat liderləri başlarını itirmiş, Gəncədəki hərbi hissələrdən biri Surət Hüseynovun ixtiyarına verilmiş, Milli Qəhrəman səviyyəsinə yüksəldilmiş bu Polkovnik öz xarici himayədarlarının fitvası ilə Azərbaycanı vətəndaş müharibəsi ilə üz-üzə qoymuşdu. Bir yandan isə cənub bölgəsində Əlikram Hümbətovun rəhbərlik etdiyi separatçı qüvvələr baş qaldırmışdı. O qanlı-qadalı günlərdə respublikanın qurbanlar bahasına qazanılmış müstəqilliyi hər an itirilə bilərdi və o günlərdə tarix bir məhək daşı tək Azərbaycan xalqının müdrikliyini sınadı. Xalq üzünü Naxçıvana tutdu, öz böyük oğlu Heydər Əliyevi köməyə çağırdı. O gəldi və qüdrətli zəkası, dünyanın həsəd apardığı siyasi təcrübəsi, əzmi və qətiyyəti ilə ölkəni fəlakət girdabından qurtardı. Bu, artıq tarixdir. Öz böyük lideri ətrafında sıx birləşən xalqın şərəf tarixi.
Natiq xüsusi vurğulamışdır ki, bu gün Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir. Bu gün ölkə Prezidenti İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu dönmədən, ardıcıllıqla, qətiyyətlə həyata keçirir, Azərbaycanı xoşbəxt gələcəyə aparır. Ölkəmiz dünyaya fəal inteqrasiya olunur.
Tədbirdə çıxış edən natiqlər bir məsələdə yekdil həmrəylik nümayiş etdirmişlər. Bəyan etmişlər ki, qarşıdakı Prezident seçkilərində yenə də Heydər Əliyev siyasi kursunu dəstəkləyəcəklər.
Yığıncaq iştirakçıları adından ölkə başçısına müraciət qəbul olunmuşdur.
Respublikanın tanınmış incəsənət ustaları şəhər ictimaiyyəti qarşısında maraqlı konsert proqramı ilə çıxış etmişlər.