REGİONLAR
Siyəzəndə 900 aztəminatlı ailəyə ərzaq yardımı verilib
Siyəzən, 23 aprel, Elxan Yusifli, AZƏRTAC
Siyəzən rayonunda sosial dəstəyə ehtiyacı olan 900 ailəyə ərzaq yardımı edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin dövründə sahibkarlar və digər şəxslər tərəfindən aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan ailələrə humanitar yardımların verilməsinin əlaqələndirilməsi ilə bağlı işçi qrupu yaradılıb. Bu günə kimi rayon ərazisində fəaliyyət göstərən sahibkarlar tərəfindən (“ArchiCO” MMC, “Skyscraper Construction” MMC, “Bravo” supermarketlər şəbəkəsi, “Siyəzən Broyler” ASC, “AzVirt” MMC, “Tibet N” MMC və s. fiziki şəxslər) minə yaxın tənha, aztəminatlı və yardıma ehtiyacı olan şəxsə ərzaq yardımı verilib.
Xeyirxah aksiyaya qoşulan Siyəzən Rayon Prokurorluğu tərəfindən 100-ə yaxın aztəminatlı ailəyə yardım göstərilib.
Rayonda sosial dəstəyə ehtiyacı olan insanlara mütəmadi olaraq baş çəkilir, sosial problemlərinin həllinə kömək göstərilir. Həmçinin vətəndaşlarla görüşdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl edilməsi, digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi vurğulanır. Vətəndaşlara özlərinin və ailə üzvlərinin sağlamlığı naminə karantin rejiminə tam məsuliyyətlə əməl etmələri tövsiyə olunur.
Aksiyalardan yararlanan insanlar koronavirus infeksiyasının dünyanı bürüdüyü bu çətin günlərdə onların qayğısına qalan xeyirxah insanlara və dövlətimizə minnətdarlıqlarını bildiriblər.