İQTİSADİYYAT
“SkyNews Arabia” telekanalında TAP boru kəmərinin Avropanın enerji təhlükəsizliyində rolu ilə bağlı veriliş yayımlanıb

Qahirə, 25 aprel, AZƏRTAC
Nüfuzlu “SkyNews Arabia” telekanalının “İqtisadiyyat xəbərləri” buraxılışında “Trans-Adriatik” (TAP) qaz boru kəməri və Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində rolu ilə bağlı veriliş yayımlanıb.
Telekanalın canlı efirinə telefonla qoşulan AZƏRTAC-ın Misirdəki xüsusi müxbiri Oqtay Bayramov mövzu ilə bağlı aparıcının suallarını cavablandırıb. O qeyd edib ki, 2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan 878 kilometr uzunluğundakı TAP boru kəməri ilə Azərbaycandan kommersiya məqsədli qazın nəqlinə başlanılıb. Bu il fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, dəyəri 33 milyard dollar olan XXI əsrin ən böyük layihələrindən biri - Cənub Qaz Dəhlizi Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya ilə milli koordinasiya nəticəsində icra edilib. Bu layihədə enerji və tikinti şirkətləri, beynəlxalq maliyyə qurumları da fəal iştirak edib. Onun tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Keçən il Azərbaycan 19 milyard kubmetr, o cümlədən Türkiyəyə 8,5 milyard kubmetr, İtaliyaya 7 milyard kubmetr təbii qaz ixrac edib. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, komandanın üzvü olan Albaniya da öz qazpaylayıcı şəbəkəsini tamamlayan kimi Azərbaycan qazını əldə edəcək.
Telekanalın tamaşaçılarının diqqətinə çatdırılıb ki, Azərbaycanın isbat edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir və 1 trilyon kubmetr ehtiyata malik olan “Şahdəniz” yatağının istismarı qlobal bazarlara, o cümlədən Avropaya daha böyük həcmdə qaz ixracına imkan verəcək. Gələcəkdə Balkan ölkələri - Şimali Makedoniya, Qaradağ, Xorvatiya, Bosniya və Herseqovinaya da Azərbaycan qazı nəql edilə bilər.
Verilişdə TAP-ın idarəedici direktoru Luka Şieppatinin də Azərbaycan qazının Avropanın enerji təhlükəsizliyində rolu barədə fikirləri səsləndirilib. O, boru kəmərinin istifadəyə verilməsini TAP-ın keçdiyi ölkələr və Avropanın enerji landşaftı üçün tarixi bir hadisə adlandırıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə