İQTİSADİYYAT
SOCAR istiqrazlarının növbəti faizi ödənilib
Bakı, 17 iyul, AZƏRTAC
Dörd ilə yaxındır ki, vətəndaşlarımız və investorlar üçün alternativ investisiya imkanı təqdim edən və sərmayə üçün ən çox müraciət olunan qiymətli kağıza çevrilmiş SOCAR istiqrazları iyulun 17-də baş tutan sayca 15-ci faiz ödənişi nəticəsində sahiblərinə yenidən 1 milyon 250 min dollarlıq gəlir qazandırıb. İstiqraz sahiblərinin ümumi qazancı hazırda 18 milyon 750 min dollar təşkil edir.
“SOCAR Capital” şirkətindən AZƏRTAC-a bildirilib ki, nominal qiyməti 1000 dollar, tədavül müddəti 5 il, illik gəlirliliyi 5 faiz olan və faizləri hər 3 aydan bir ödənilən SOCAR istiqrazlarının 1,25 milyon dollarlıq rüblük faiz ödənişi artıq istiqraz sahiblərinin hesablarına köçürülüb.
Təkrar bazar əməliyyatları həcminin 190 milyon dolları ötməsi, bağlanmış əqd sayının 2200–ə çatması, buraxıldığı tarixdən indiyədək Bakı Fond Birjasında ən çox tədavül edilən korporativ maliyyə aləti olması və REPO əməliyyatlarının 36 milyon dolları keçməsi SOCAR istiqrazlarına olan böyük tələbatdan xəbər verir.
SOCAR istiqrazı sahibləri əlverişli şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda, istiqraz(lar)ı müvafiq bankda girov qoymaqla 15–16 faiz faizlə manat krediti cəlb edə bilərlər. Bu halda, istiqraz sahibləri 5 faizlik gəlirlərini itirmir və götürdükləri kreditin faktik faiz dərəcəsi 9–10 faizə qədər enmiş olur.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR istiqrazlarının növbəti faiz ödənişi cari il oktyabrın 17-də baş tutacaq. Ətraflı məlumat üçün *19 99 nömrəsi investorların xidmətindədir.