CƏMİYYƏT
Son 3 ayda Kliniki Tibbi Mərkəzə it dişləməsinə görə 321 nəfər müraciət edib
![Son 3 ayda Kliniki Tibbi Mərkəzə it dişləməsinə görə 321 nəfər müraciət edib](/files/2022/3/1200x630/16672848094510821460_1200x630.jpg)
Bakı, 1 noyabr, AZƏRTAC
Son 3 ayda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Kliniki Tibbi Mərkəzə it dişləməsi səbəbindən 321 nəfər müraciət edib.
AZƏRTAC Kliniki Tibbi Mərkəzin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, müraciət edən hər bir şəxsə vaksin vurulduqdan və ilkin tibbi yardım göstərildikdən sonra qeydiyyatda olduğu ərazi üzrə müvafiq tibb müəssisəsinə yönləndirilib.
Bu dövr ərzində it dişləməsi ilə bağlı müraciət edənlər arasında ölüm halı qeydə alınmayıb.
Mütəxəssislər qeyd edib ki, itlərin, xüsusi ilə sahibsiz itlərin insanları dişləməsi təhlükəlidir. İt dişləməsinə məruz qaldıqda mütləq ixtisaslaşan və quduzluq əleyhinə vaksin olan tibb müəssisəsinə müraciət edilməlidir. Çünki it dişlədikdən sonra peyvənd vasitələrinin vurulmasının gecikdirilməsi quduzluq əlamətinin yaranmasına səbəb olur. Həmin əlamətin aşkarlanması isə müalicənin gedişini çətinləşdirir.
Qeyd edək ki, quduzluq çox ağır xəstəlik hesab edilir. Heç vaxt öz-özünə sağalmır, vaxtında müalicə aparılmasa insan ölümünə də səbəb olur. Bu baxımdan ən vacib məsələ quduzluq əleyhinə vaksinin həmin gün və gecikdirilmədən vurulmasıdır.