SON MƏNZİLƏ
Dekabrın 13-də Şəhriyar adına Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Cabir Novruz ilə vida mərasimi keçirilmişdir.
Mərhumun cənazəsi tamaşa salonunun səhnəsində postament üzərində qoyulmuşdu. Postamentin ətrafına Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin adından, habelə Milli Məclisin, nazirliklərin, digər dövlət və hökumət təşkilatlarının, yaradıcılıq birliklərinin adından əklillər düzülmüşdü.
Salonda matəm musiqisi səslənirdi. Prezident Aparatının, Milli Məclisin, Nazirlər Kabinetinin rəhbər işçiləri, nazirlər, parlamentin deputatları, elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, şairin poeziyasının pərəstişkarları cənazənin yanında fəxri qarovulda dayanır, ədəbiyyatımızın görkəmli nümayəndəsinə son borclarını verirdilər.
Mərasimi baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev açdı. O, XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birinə çevrilmiş Cabir Novruz poeziyasından, onun yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən yaradıcılığından danışdı.
Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca mərhum şair dostunun bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilən lirik poeziya nümunələrini qeyd etdi.
Bəstəkarlar İttifaqının birinci katibi, xalq artisti Vasif Adıgözəlov Cabir Novruzun sözlərinə bəstələnmiş çoxsaylı mahnıların musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanmasını vurğuladı.
Milli Məclisin deputatı Asya Manafova, Azərbaycan MEA-nın müxbir üzvü Ağamusa Axundov, xalq şairləri Qabil, Söhrab Tahir və xalq artisti Əliabbas Qədirov yaradıcılığı ilə oxucularında vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasında mühüm xidmətlər göstərmiş və azərbaycançılıq ideyaları ilə sıx bağlı olmuş Cabir Novruz poeziyasının başlıca mövzularından söhbət açdılar, mərhumla bağlı unudulmaz xatirələrini söylədilər.
Mərasimin sonunda mərhumun oğlu Mirzə Novruzov çıxış edərək, atasının yaradıcılığına verdiyi yüksək qiymətə, ona həmişə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti Heydər Əliyevə dərin minnətdarlığını bildirdi. O, xalq şairinin xatirəsinə göstərdikləri hörmət və ehtirama görə mərasim iştirakçılarına təşəkkür etdi.
Vida mərasimində Milli Məclisin sədri Murtuz Ələsgərov, parlament sədrinin birinci müavini Arif Rəhimzadə, baş nazirin birinci müavini Abbas Abbasov, Milli Məclis sədrinin müavinləri Gövhər Baxşəliyeva, Ziyafət Əsgərov, dövlət müşaviri Hidayət Orucov, Prezidentin İcra Aparatının humanitar-siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və başqa rəsmi şəxslər iştirak edirdilər.
X X X
Matəm mərasimi başa çatdıqdan sonra mərhumun cənazəsi Şəhriyar adına Mədəniyyət Mərkəzindən qaldırılaraq Fəxri xiyabana gətirildi. Burada mərhumun ruhuna dua oxundu. Görkəmli şair, həqiqi vətəndaş və səmimi insan kimi əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq Cabir Novruzun cənazəsi doğma torpağa tapşırıldı. Məzarın üzərinə əklillər, gül dəstələri düzüldü.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!