Sosial-iqtisadi və mədəni həyatda fərqlənən qubadlılılar mükafatlandırılıblar
Sumqayıt, 28 dekabr, AZƏRTAC
Dekabrın 28-də Sumqayıt şəhərində Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təntənəli tədbir keçirilib. Tədbirdə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilat nümayəndələri, şəhid ailələri, Qarabağ veteranları, idmançılar və gənclər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Malik İsaqov tədbirdə çıxış edərək qubadlılılara bayram təbriklərini çatdırıb. Bildirilib ki, Azərbaycanın tarixinə uğurlu il kimi daxil olan 2018-ci ildə respublikamızın regional və qlobal əhəmiyyəti daha da artıb, xalqımızın sosial rifah halı yüksəlib.
Malik İsaqov deyib: “2018-ci ildə Abşeron rayonu ərazisində və Sumqayıt şəhərinin 12-ci mikrorayonunda 2000-dən çox məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş yeni şəhərciklərin açılış mərasimi keçirilib. Mərasimdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib. Yaxın günlərdə məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi planlaşdırılır. 2018-ci ildə əhalimizin aztəminatlı hissəsi, şəhid ailələri diqqətdə saxlanılıb. Rayon icra hakimiyyəti tərəfindən şəhid ailələrinə, digər kateqoriyadan olan aztəminatlı ailələrə yardımlar edilib. Eyni zamanda, Qurban bayramı münasibətilə 700-dən çox ailəyə ərzaq yardımı olunub. Görülən işlər nəticəsində cari ildə 180 yeni iş yeri açılıb. Ümumiyyətlə, son 15 ildə rayon üzrə yeni yaradılan iş yerlərinin sayı 3885-ə çatıb”.
Qeyd olunub ki, cari tədris ilində XI sinifləri bitirən 457 nəfərin 390-ı ali məktəblərə sənəd verib, onlardan 285 nəfəri tələbə adını qazanıb. Qəbul olunanların 27 nəfəri 600-700 arası bal toplayıb. Rayon gəncləri, o cümlədən idmançılar bir sıra respublika və beynəlxalq əhəmiyyətli yarışlarda, müxtəlif sahələrdə uğurlar qazanıblar.
Tədbirdə sosial-iqtisadi və mədəni həyatda fərqlənən qubadlılılara fəxri fərmanlar təqdim olunub.
Daha sonra Təhsil Nazirliyi tərəfindən 2 nəfərə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 3 nəfərə isə fəxri fərman verilib. Eyni zamanda, Gənclər və İdman Nazirliyi tərəfindən 4 nəfər rayon idmançısı fəxri adlarla təltif olunub.
Sonra tədbir respublikanın tanınmış mədəniyyət və incəsənət ustalarının iştirakı ilə təşkil olunmuş konsert proqramı ilə davam edib.