Sosial sığınacaqlarda indiyədək 167 nəfərə xidmət göstərilib
Bakı, 26 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağında və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində 167 nəfərə sosial xidmət göstərilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 101 nəfəri Sosial Sığınacağa, 66 nəfəri isə Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə yerləşdiriliblər. Onların stasionar şəraitdə sosial-məişət və sosial-hüquqi xidmətlərlə təminatı, ən başlıcası, normal həyat tərzinə qayıdışı, sosial uyğunlaşması üçün məqsədyönlü işlər aparılıb.
Yaşayış yeri olmayan 18 yaşdan yuxarı olanlar Sosial Sığınacağı tərk edərkən məşğulluq orqanları ilə birgə onların münasib işlə təmin olunmasına kömək göstərilir. Həmçinin yetkinlik yaşına çatmayanların Sosial Sığınacaqdan sonrakı dövrdə daimi yaşayış yeri ilə təmin olunması üçün valideyn, qəyyum, dövlət uşaq müəssisəsi və ya alternativ qayğı müəssisələrinə təhvil verilməsi üçün lazımi tədbirlər görülür.
Artıq 5 aydan çoxdur ki, hər iki müəssisədə müasir tələblərə uyğun şərait vardır. Sosial sığınacaqlarda qəbul-qeydiyyat şöbəsi, yataq, müayinə və müalicə, stolüstü oyunlar, kompüter və təmiz inventar otaqları, kitabxana, yeməkxana, camaşırxana və s. fəaliyyət göstərir.
Hazırda isə həmin müəssisələrdə 28 nəfərə sosial xidmətlər davam etdirilir.