SOYDAŞIMIZ YÜKSƏK DÖVLƏT MÜKAFATI İLƏ TƏLTİF EDİLMİŞDİR
Cəlil Qara oğlu Kələyev Borçalı qəzasının (indiki Marneuli rayonu) Sarvan kəndində anadan olmuşdur. 31 il Gürcüstan dövlət təhlükəsizlik orqanlarında şərəflə xidmət etmiş, sıravi əməkdaşdan komitənin istintaq şöbəsinin bölgə rəisi vəzifəsinədək yüksəlmişdir. Sonralar Gürcüstan Ali Məhkəməsində, Baş Prokurorluğunda, Mərkəzi Statistika İdarəsində məsul vəzifələrdə çalışmış, dəfələrlə orden və medallarla təltif edilmişdir.
Ömrünün 90-cı ilinə yaxınlaşan Cəlil Kələyev çoxdan pensiyada olsa da, öz zəngin bilik və təcrübəsini gənclərə həvəslə öyrədir, onlara Vətənə məhəbbət hissləri aşılayır. Hazırda Marneuli rayonunda ağsaqqallar ittifaqı sədrinin müavini, Ümumgürcüstan insan hüquqlarının müdafiəsi təşkilatı Marneuli region şöbəsinin vəkillər bölməsinin sədridir, “Gürcüstan” qəzetində hüquq və mənəviyyat mövzularında tez-tez məqalələri dərc edilir.
Cəlil Qara oğlunun Vətən qarşısında xidmətləri bu günlərdə Gürcüstan Prezidenti Eduard Şevardnadzenin sərəncamı ilə yenə də layiqli qiymətini almış və soydaşımız ölkənin yüksək mükafatı - “Şərəf” ordeni ilə təltif olunmuşdur.