“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun 50 illiyi qeyd edilmişdir
Bakı, 27 dekabr (AZƏRTAC). Dekabrın 27-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun (ETLİ) yaranmasının 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
ASC-dən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə əvvəlcə institutun yaranması və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir.
Sonra “Sukanal” ETLİ-nin direktoru Oqtay Heybətov qurumun yaranma tarixinə nəzər salaraq bildirmişdir ki, institut Azərbaycan SSR Nazirlər Sovetinin 20 iyul 1961-ci il tarixli 636 nömrəli qərarı ilə Ümumittifaq Elmi-Tədqiqat “VODQEO” İnstitutunun Bakı filialı kimi yaradılmışdır. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə bütün sahələrdə olduğu kimi, “Sukanal” ETLİ-nin də işinə xüsusi diqqət və qayğı göstərilmişdir. Həmin illərdə institutun maddi-texniki bazası gücləndirilmiş, kadr potensialı artırılmışdır.
“Azərsu” ASC-nin strateji inkişaf departamentinin rəisi Əhməd Məmmədov aparılan elmi-tədqiqat və layihələndirmə işlərindən danışmışdır. Qeyd etmişdir ki, institutda çaylar üzərində layihələndirilən su anbarları və müxtəlif hidrotexniki qurğuların tədqiqi, çirkab suların dəniz suları ilə qarışması məsələlərinin öyrənilməsi, dəniz suyunun şirinləşdirilməsi istiqamətində geniş işlər aparılmışdır.
“Azərsu” ASC sədrinin iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədov “Sukanal” ETLİ-nin kollektivini yubiley münasibətilə təbrik etmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır. O, Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün institut kollektivinin üzərinə böyük məsuliyyətin düşdüyünü vurğulamışdır.
Tədbirin sonunda su təsərrüfatının inkişafında xüsusi xidmətləri olan institut əməkdaşlarına fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir.