ELM VƏ TƏHSİL
Sumqayıt Dövlət Universitetində beynəlxalq elmi konfrans işə başlayıb
Sumqayıt, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Sumqayıt Dövlət Universitetində (SDU) “Energetikanın müasir elmi-texniki və tətbiqi problemləri” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
Beynəlxalq konfrans Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu ilə birgə təşkil olunub. Konfransda Rusiya və Azərbaycanın bir sıra universitetlərindən, elmi-tədqiqat institutlarından alimlər iştirak edir.
SDU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə “dəyirmi masa” ətrafında elmin, təhsilin inkişafına dair birgə əməkdaşlığın qarşılıqlı faydaları və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Sonra konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstü önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar.
Universitetin akt zalında davam edən konfransın plenar iclasını rektor Elxan Hüseynov açaraq bildirib ki, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir.
Ölkəmizin elektroenergetikasının inkişafına nəzər salan rektor qeyd edib ki, ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə hələ ötən əsrin 70-ci illərinin əvvəllərindən respublikanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə başlanmışdı. Ulu Öndərin şah əsəri olan “Əsrin müqaviləsi”nin reallaşması, Xəzərin zəngin neft və qaz ehtiyatlarından istifadə edilməsi üzrə digər müqavilələrdə nəzərdə tutulan tədbirlərin icrası nəticəsində ölkəmizin elektrik enerjisi sistemi daha da inkişaf edib. Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı və “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” haqqında sərəncamları energetikanın müasir inkişaf mərhələsində yeni eranın başlanğıcı oldu. Bu mərhələ isə iqtisadi baxımdan səmərəli və dinamik inkişaf edən, ekoloji standartlara uyğun, qabaqcıl texnologiyalarla və yüksək ixtisaslı kadrlarla təchiz olunmuş yanacaq-energetika kompleksinin formalaşdırılmasını və modernləşdirilməsini tələb edir. Bu tələbata uyğun olaraq universitetimiz 1962-ci ildə iki ixtisas üzrə energetika mütəxəssisi hazırlığına başlayıb. Hazırda energetika ixtisaslarına qəbulun həcmi təxminən iki dəfə artırılıb.
Sonra beynəlxalq konfrans “Alternativ energetika - bugünkü vəziyyəti və perspektivi”, “Azərbaycan energetikası müasir inkişaf dövründə”, “Ölkənin və onun regionlarının energetik təhlükəsizlik səviyyəsinin qiymətləndirilməsinə dair indikativ yanaşmanın metodik aspektləri”, “Rusiyanın elektroenergetik sistemlərinin idarəetmə məsələləri üçün intellektual sistemlər və modellər”, “Energetikanın fiziki aspektləri” mövzularında məruzələrlə davam etdirilib.
Qonaqlar universitetin fizika və elektroenergetika fakültəsi ilə də tanış olublar.
Elmi konfrans işini oktyabrın 28-də davam etdirəcək.