SUMQAYIT TEATRI GƏNC TAMAŞAÇILARINI SEVİNDİRMİŞDİR
Sumqayıt Dövlət Musiqili Dram Teatrı gənc tamaşaçılarını yeni tamaşalarla sevindirməkdə davam edir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu günlərdə teatrda dramaturq Yusif Əzimzadənin eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Nəsrəddin” tamaşasının premyerası olmuşdur. Tamaşanın quruluşçu rejissoru respublika Mədəniyyət və İncəsənət Universitetinin məzunu Samir Şəfiyevdir. Tamaşaçıların fikrincə, premyera uğurla keçmişdir. Bu, rejissorun teatrda ilk işi olsa da o, tamaşada bir çox cəsarətli ideyalarını həyata keçirmişdir.
S.Şəfiyev birpərdəli komediyaya Azərbaycan xalq teatrı - qaravəlli əsasında quruluş verərək, səyyar teatr elementlərindən məharətlə istifadə etmişdir. Qaravəllinin ənənəvi janrı olan rəvayət pyesin baş qəhrəmanı Nəsrəddinin dilindən səslənir. Bu rolun ifaçısı, teatrın gənc aktyoru Cəlal Məmmədov tamaşa boyu gənc tamaşaçıları ilə ünsiyyətdədir. Zalın münasibətindən görünür ki, bu, dialoq zamanı özlərini hadisələrin iştirakçısı kimi hiss edən uşaqların çox xoşuna gəlir.
Sumqayıt teatrının direktoru Mehman Şükürov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, teatrın repertuar siyasətini formalaşdırarkən gənc tamaşaçılar da unudulmur. Hər il bu tamaşaçı kateqoriyası üçün iki-üç səhnə əsəri hazırlayır.
Qeyd edək ki, postsovet dövrünün ilk illərində ölkədə ictimai-siyasi və iqtisadi vəziyyətin dəyişməsi teatra da öz təsirini göstərmişdir. Teatr bütöv bir tamaşaçı nəslini itirmişdir. M.Şükürov demişdir ki, uşaqlıqdan incəsənətə maraq oyatmaqla biz, yeni tamaşaçı nəsli - əsl teatrsevərləri yetişdirə bilərik.