Sumqayıtda xeyli sayda partlamamış hərbi sursat aşkarlanıb
Bakı, 29 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıtda silah-sursatın aşkarlanması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu məlumat əsasında dərhal həmin əraziyə göndərilib.
Ərazidə su kanalının kənarına baxış keçirilən ANAMA mütəxəssislərinin apardıqları təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində 367 ədəd partlamamış hərbi sursat (F-1 əl qumbarası, UZRQM partladıcısı, 350 ədəd 7,62 mm-lik patron və 15 ədəd 12 mm-lik patron), bir AKM avtomatı, iki “Vinçestr Stinger” markalı tüfəng, TT markalı tapança və kustar üsulla hazırlanmış silah aşkarlanıb.
Silahlar Sumqayıt Şəhər Polis Şöbəsinə təhvil verilib. Partlamamış hərbi sursat isə Agentliyin mütəxəssisləri tərəfindən götürülərək mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunan silah-sursatın ətrafında 50 kvadratmetrlik əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.
Agentlik tərəfindən bu il yanvarın 1-dən oktyabrın 28-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində ümumilikdə 14 otlaq sahəsinə, 13 əkin sahəsinə, bağçılıq sahəsinə, fermaya, hərbi hissənin yaxınlığına, gəmilərin yanalma məntəqəsinə, su nasos stansiyası yaxınlığına, 169 ev və həyətyanı sahəyə və digər ərazilərə baxış keçirilib.
Əməliyyatlar nəticəsində 7504 partlamamış hərbi sursat, tank əleyhinə 200 və piyada əleyhinə 32 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 4 milyon 727 min 907 kvadratmetr ərazi yoxlanılıb.