MƏDƏNİYYƏT
Şuşa şəhərinin musiqili rəqs qrupu Azərbaycanı Macarıstanda keçirilən XIII Beynəlxalq folklor festivalında təmsil edir
Bakı, 6 avqust (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Şuşa şəhəri ilə qardaşlaşmış Macarıstanın Cöncöş şəhərində avqustun 5-dən XIII Beynəlxalq folklor festivalı başlamışdır.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyindən (İB) AZƏRTAC-a bildirmişlər ki, avqustun 11-dək davam edəcək festivalda Azərbaycanı Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində fəaliyyət göstərən məcburi köçkünlərdən ibarət rəqs və musiqi ansamblı təmsil edir.
Şuşanı təmsil edən 25 nəfərdən ibarət ansamblın üzvləri festival proqramlarında və qala-konsertdə çıxış etməklə yanaşı, Cöncöş və Budapeştdə də konsertlər verməyi planlaşdırırlar. Eyni zamanda, onların iştirakı ilə avqustun 10-da Cöncöşdə “Azərbaycan gecəsi” keçiriləcəkdir.
Tədbirdə, həmçinin “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İB-nin idarə heyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, İcmanın Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov və digər nümayəndələr iştirak edəcəklər.
Xatırladaq ki, 2013-cü il mayın 9-da Azərbaycanın işğal altında olan Şuşa şəhəri ilə Çönçöş şəhəri arasında qardaşlaşmaya dair bəyanat imzalanmışdır.
Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi tərəfindən ölkəmizin mədəniyyətini, tarixini və ənənələrini təqdim etmək üçün festivala Şuşa şəhərinin musiqili rəqs qrupu dəvət olunmuşdur.
Bu ilki festivalda ev sahibləri ilə bir sırada Serbiya, Braziliya, Gürcüstan, Panama, Polşa, Yunanıstan, İndoneziya, Kolumbiya, Çin və Fransadan musiqiçilər və rəqs ansamblları çıxış edəcəklər.
Festival 2008-ci ildən başlayaraq hər il Folklor Festivallarının Təşkili Beynəlxalq Birliyinin - CİOFF (İnternational Council of Organizations of Folklore Festivals) tətbiq etdiyi standartlar əsasında təşkil olunur.