ELM VƏ TƏHSİL
Şuşada keçirilən sərgi çərçivəsində akademik Teymur Kərimlinin kitabının təqdimatı olub
![](/files/galleryphoto/2022/3/1200x630/16629896716237726997_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1662989671125371371_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16629896714967517805_1200x630.jpg)
Bakı, 12 sentyabr, AZƏRTAC
Ölkəmizin mədəniyyət paytaxtı Şuşada Qarabağ xanlığının sonuncu varisi, görkəmli şairə, ictimai xadim, rəssam və xeyriyyəçi Xan qızı Natəvanın əsərlərinin əlyazmaları, çap nüsxələri, rəsmləri, onun irsinin tədqiqinə həsr olunmuş materiallardan ibarət sərgi təşkil olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Xurşidbanu Natəvanın Əlyazmalar İnstitutunun fondunda mühafizə olunan “Gül dəftəri” sərgi iştirakçılarının xüsusi marağına səbəb olub.
Sərgi çərçivəsində akademik Teymur Kərimlinin “Şuşanamə” kitabının da təqdimatı olub. Mədəniyyət naziri Anar Kərimov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Yazıçılar Birliyinin sədri Anar, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli kitab haqqında ürək sözlərini bildirib, onu yüksək qiymətləndiriblər.
Daha sonra Xan qızının evinin qarşısında XIX əsrin ikinci yarısında Şuşada Xurşidbanu Natəvanın himayəsində fəaliyyət göstərmiş, bölgənin tanınmış şairlərinin və musiqiçilərinin qatıldığı, dövrün ədəbi mühitinin formalaşmasında müstəsna rol oynamış “Məclisi-üns”ün fəaliyyətinin bərpası məqsədilə ilk təntənəli toplantı keçirilib. Bütün türk dünyasından gənc yazarların qatıldığı bu toplantıda respublikamızın hökumət nümayəndələri və bir çox görkəmli ədəbiyyat xadimləri ilə yanaşı, akademik Teymur Kərimli və professor Raqub Kərimov da çıxış ediblər.
Professor Raqub Kərimov öz çıxışında XIX əsr Qarabağ ədəbi-mədəni mühiti və Xurşidbanu Natəvanın ədəbi, ictimai fəaliyyəti haqqında ətraflı məlumat verib.
Tədbirdə bərpa olunan “Məclisi-üns”ün üzvləri Qarabağa - Şuşaya həsr olunan yeni şeirlərini oxuyublar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2022-ci ilin “Şuşa İli” elan olunması” və “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi” haqqında sərəncamları çərçivəsində Şuşada şairənin yaradıcılığına həsr olunan silsilə tədbirlər keçirilib.