SİYASƏT
Tahir Budaqov: Son 20 il ərzində Azərbaycanın təşəbbüsü və liderliyi ilə böyük enerji, nəqliyyat layihələri reallaşdırılıb
![Tahir Budaqov: Son 20 il ərzində Azərbaycanın təşəbbüsü və liderliyi ilə böyük enerji, nəqliyyat layihələri reallaşdırılıb](/files/2023/3/1200x630/1698247870258816529_1200x630.jpg)
Bakı, 25 oktyabr, AZƏRTAC
1993-2003-cü illərdə iqtisadi potensialın artırılması, praqmatik enerji strategiyasının həyata keçirilməsi, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması və münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında inkişaf etdirilməsi kimi amillər Azərbaycanın regionda rolunun artmasını, qlobal siyasi arenada imkanlarının genişlənməsini təmin etdi.
AZƏRTAC xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov oktyabrın 25-də keçirilən "Heydər Əliyev: Müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyasında Ümummilli Liderin rolu" mövzusunda onlayn konfransda deyib.
YAP Sədrinin müavini bildirib ki, 2003-cü ildən etibarən Heydər Əliyev siyasətinin davamçısı - Ümummilli Liderin siyasi varisi İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycana yeni uğurlar qazandırıb.
“Son 20 il ərzində Azərbaycanın təşəbbüsləri və liderliyi ilə böyük enerji, nəqliyyat layihələri reallaşdırılıb, regional miqyasda yeni əməkdaşlıq platformaları yaradılıb, ölkəmiz mötəbər beynəlxalq təşkilatlara sədrlik və qlobal xarakterli mühüm tədbirlərə ev sahibliyi edib”, - deyə Tahir Budaqov vurğulayıb.