İQTİSADİYYAT
TANER YILDIZ: “AVROPA İTTİFAQININ DƏSTƏKLƏDİYİ ƏN MÜHÜM QAZ MARŞRUTLARININ BAŞINDA AZƏRBAYCAN-GÜRCÜSTAN- TÜRKİYƏ XƏTTİ GƏLİR”
Ankara, 18 iyun (AZƏRTAC). Sankt-Peterburqda keçirilən Beynəlxalq iqtisadi forumun “Qlobal enerji: təbii qaz bazarının gələcəyi” mövzusunda ilcasında çıxış edən Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirmişdir ki, Avropa İttifaqının dəstəklədiyi ən mühüm qaz marşrutlarının başında Azərbaycan-Gürcüstan-Türkiyə xətti gəlir.
Bu marşrut Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə özünü təsdiq etmişdir və Türkmənistan qazının gələcəkdə nəqli ilə daha da böyük əhəmiyyət qazanacaqdır.
Taner Yıldız onu da əlavə etmişdir ki, inşa edilmiş və çəkiləcək boru xətləri Qərbi Avropadan Adriatik dənizinə, şərqdə Çindən Yaponiyaya, cənubda isə Türkiyədən İsrailə qədər geniş coğrafiyada enerji bazarının yaranmasını tələb edir. Rusiya enerji ixracında hakim mövqeyini davam etdirmək üçün öz infrastrukturunu rekonstruksiya etməli, enerji bazarına daha çox xarici sərmayə cəlb etməli, strateji əməkdaşlığı inkişaf etdirməli, Avropa bazarında sərbəst və sağlam qaz rəqabətinə daha diqqətli yanaşmalıdır. Bütün hallarda Rusiya mövcud qaz hasilatı və böyük potensialı ilə gələcəkdə də enerji bazarının ən mühüm aktyorlarından biri olacaqdır.
Türkiyəli nazir tədbir çərçivəsində Rusiya Baş nazirinin müavini İqor Seçin ilə də enerji marşrutlarının şaxələndirilməsi, Rusiya ilə həyata keçiriləcək birgə layihələri müzakirə etmişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara