SİYASƏT
Tanınmış politoloq ABŞ-ın xarici siyasətini təhlil etmiş, Azərbaycana da diqqət ayırmışdır
Vaşinqton, 23 oktyabr (AZƏRTAC). ABŞ-da çıxan nüfuzlu “The Hill” qəzetində beynəlxalq münasibətlər üzrə tanınmış ekspert Devid Merkelin “Postsoyuq müharibəni necə uduzmalı” sərlövhəli məqaləsi dərc olunmuşdur. Müəllif məqalədə ABŞ-ın siyasi üstünlüyü dövrlərini müasir vəziyyətlə müqayisə edir. Soyuq müharibənin başa çatmasından sonrakı dövrün hadisələrini təhlil edən D.Merkel yazır ki, ABŞ administrasiyası strateji düşüncə çatışmazlığı və fəaliyyətsizlik üzündən hazırda postsoyuq müharibəni uduzur. Müəllif vurğulayır ki, ABŞ Suriya münaqişəsi zamanı fəaliyyətsizlik göstərmiş, Liviya və Misirdə vəziyyətin nizamlanmasında qeyri-adekvat hərəkət etmişdir ki, bu da hazırda həmin ölkələrdə sabitliyin pozulmasına gətirib çıxarmışdır. 1956-cı ildə Süveyş böhranının aradan qaldırıldığı vaxtdan soyuq müharibənin başa çatmasına qədər Amerika nüfuzunun zirvəsində olmuşdur. 1990-cı ildə İran körfəzində münaqişə zamanı da belə olmuşdur. Onda ABŞ-ın koalisiya qoşunlarına 32 ölkə qoşulmuşdu. İndi isə ABŞ administrasiyası Suriyaya qarşı əməliyyat aparmağa yalnız Fransanı və Türkiyəni razı sala bilər. Müəllif yazır ki, Obama administrasiyasının boşluqları Şərqi Avropada da aşkardır. Türkiyə ilə münasibətlər pisləşmişdir, Obama administrasiyası Avropanın enerji təhlükəsizliyinin təmin olunması üzrə əsas tərəfdaşa və Avropa, Əfqanıstan və Yaxın Şərqdə ABŞ-ın maraqları üçün əhəmiyyətli olan bir ölkəyə - Azərbaycana isə səriştəsiz və təhqiramiz münasibət nümayiş etdirir. Ekspert yazır ki, postsoyuq müharibədə uduzma beynəlxalq xaosa, azadlıqların məhdudlaşmasına və ABŞ-ın mənafeləri üçün böyük təhlükələrə gətirib çıxara bilər.
Xatırladaq ki, Devid Merkel Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbi (SAIS) nəzdində Transatlantik Münasibətlər Mərkəzinin böyük elmi əməkdaşıdır. Daha əvvəl ABŞ dövlət katibinin köməkçisinin müavini işləmiş D.Merkel prezident Buş administrasiyası yanında Milli Təhlükəsizlik Şurasının direktoru olmuşdur.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton