RƏSMİ XRONİKA
TARİX-DİYARŞÜNASLIQ MUZEYİ İLƏ TANIŞLIQ
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də Xaçmaz tarix-diyarşünaslıq muzeyinə gəldi.
Dövlətimizin başçısı əvvəlcə muzeyin ilk guşəsinə - ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, onun xalqımızın tarixinə, mədəniyyətinə, incəsənətinə göstərdiyi diqqət və qayğını əks etdirən fotoşəkillərə baxdı.
Muzeydə qədim tayfaların istifadə etdiyi məişət, kənd təsərrüfatı əşyaları, ayrı-ayrı yaşayış məskənlərinin şəkilləri, bəzək əşyaları və s. toplanmışdır. Prezident İlham Əliyev Xaçmazın təbiətinin zənginliyini və qədim tarixini əks etdirən eksponatlara maraqla baxdı.
Mədəniyyət və etnoqrafiya guşəsində bəy evinin interyeri, gümüş qablar, müxtəlif əşyalar, qədim silahlar diqqəti cəlb edir.
Bildirildi ki, Xaçmaz şəhəri 1898-ci ildə, Bakı-Dərbənd dəmir yolu xəttinin çəkilişi zamanı salınmışdır. Dövlətimizin başçısı bununla bağlı maraqlı materiallara, habelə, milyonçu-xeyriyyəçi hacı Zeynalabdin Tağıyevin vəsaiti ilə Bakı şəhərinə çəkilmiş Şollar su kəmərinin layihəsinə də baxdı.
Azərbaycan Demokratik Cümhuriyyəti dövrünə həsr edilmiş ayrıca guşədə də maraqlı materiallar və fotoşəkillər nümayiş etdirilir.
Xaçmaz rayonu yaradıldıqdan sonra onun həyatında baş verən hadisələrlə bağlı sənədlər, repressiya dövrünü əks etdirən materiallar, Böyük Vətən müharibəsi iştirakçılarının (rayondan 8749 nəfər bu müharibədə iştirak etmişdir) orden və medalları, əsgər məktubları araşdırıcılar üçün də əhəmiyyətlidir.
Muzeyin sonuncu guşəsi Xaçmaz rayonunun müasir dövrü ilə bağlıdır. Burada 20 Yanvar faciəsi zamanı və Qarabağ müharibəsində həlak olmuş xaçmazlılar haqqında materiallar, Prezident İlham Əliyevin Xaçmaza səfərlərini əks etdirən fotoşəkillər, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində rayonda tikilən 40-a yaxın məktəbin fotoşəkilləri, rayon rəssamlarının əl işləri, yerli idmançıların müxtəlif yarışlarda qazandıqları medallar, diplomlar və digər materiallar toplanmışdır.
Dövlətimizin başçısı muzeyin ətrafında XIV əsrə aid qəbir daşlarına da baxdı.
Prezident İlham Əliyev son vaxtlar Xaçmaz rayonunda aparılan abadlıq-quruculuq işlərini yüksək qiymətləndirdi və dedi ki, abadlıq işləri üçün lazımi vəsait ayrılacaqdır. Binalar, muzeylər çox gözəl olmalıdır. Xaçmazda çox böyük işlər görülmüşdür. Bütün yaxşı işlər məni sevindirir. Əminəm ki, bu proses bundan sonra da davam etdiriləcəkdir.