CƏMİYYƏT
Tatarıstanda yaşayan azərbaycanlılar “Priyut” yardım məntəqəsinə kömək ediblər
Bakı, 24 oktyabr, AZƏRTAC
Tatarıstan Respublikasındakı “Azərbaycan” milli-mədəni muxtar qurumunun (ANKA RT) və “Tatarıstan” İctimai Birliyinin nümayəndələri Kazanda yardıma ehtiyacı olanlara kömək məqsədilə yaradılmış “Priyut” (“Sığınacaq”) yardım məntəqəsində olub və bu məntəqəyə qida məhsulları, ərzaq malları hədiyyə ediblər.
“Tatarıstan” İctimai Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Priyut” məntəqəsində ehtiyacı olanlara hər gün isti yemək, mövsümə uyğun təmiz paltar verilir, bir günlük iş və müvəqqəti gecələmə yer təklif edilir. Ehtiyacı olan hər kəsə pulsuz hüquq məsləhətləri verilir.
“Azərbaycan” ANKA RT-nin nümayəndəsi Samir Məmmədov bildirib ki, təşkilatın rəhbəri Bəşir Bəşirov başda olmaqla bu qurumun üzvləri xeyriyyə fəaliyyətində yaxından iştirak edir, 9 - May Qələbə Günü münasibətilə müharibə və əmək veteranları üçün bayram naharları təşkil edilir, uşaq evlərində olan valideynsiz uşaqlara kömək edirlər.
“Tatarıstan” İctimai Birliyinin sədr müavini Emin Ramazanovun sözlərinə görə, ehtiyacı olanlara yardım məntəqələrinin fəaliyyət göstərməsi, əlbəttə, lazımlı işdir. O deyib: “Həyat gözlənilməzliklərlə doludur. Heç kəs müxtəlif gözlənilməz vəziyyətlərə düşməkdən sığortalanmayıb. Gözlənilməz çətinliklərlə üzləşə biləcək yerli sakinlərlə bərabər Tatarıstan Respublikasına, o cümlədən qazanc dalınca gələn əcnəbilər də var, onlar da mürəkkəb vəziyyətə düşə bilərlər. Belə hallarda məhz bu cür sığınacaqlar öz qapılarını həmin adamların üzünə açmağa, çətin anda onları dəstəkləməyə, isti yemək və zəruri əşyalar verməyə hazırdır”.
Yardım məntəqəsi orta hesabla hər ay 4 000-5000 nəfərə isti yemək paylayır, 2000-dən çox adama paltar və ayaqqabı verilir.