SİYASƏT
Təcavüzkar separatizm, milli və etnik mənşəli münaqişələr regional əməkdaşlığı əngəlləyir
Bakı, 15 avqust (AZƏRTAC). Təcavüzkar separatizm, milli və etnik mənşəli münaqişələr regional əməkdaşlığı əngəlləyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının avqustun 15-də Qəbələdə keçirilən iclasındakı çıxışında Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov demişdir.
Təcavüzkar separatizm, milli və etnik mənşəli münaqişələr, dövlətlərimizin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin zorla dəyişməyə yönəlmiş addımlar ciddi təhlükə doğuran hədələr kimi qiymətləndirilməlidir.
Nazir bildirmişdir ki, Ermənistanın Azərbaycana qarşı 20 ildən artıq davam edən hərbi təcavüzü və əsassız ərazi iddialarının nəticəsində meydana gələn Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bunun ən bariz nümunəsidir. O demişdir: “Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal altındadır və əhalisinin hər doqquzuncu nəfəri ya qaçqın, ya da məcburi köçkündür. Biz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları və prinsipləri, xüsusi ilə də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə, qeyd-şərtsiz və dərhal çıxarılmasını açıq şəkildə tələb edən BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsi əsasında tezliklə həllinin tərəfdarıyıq”.