CƏMİYYƏT
Tədbirlər görülməyəcəyi təqdirdə XXI əsrdə istiləşmə 2,8 dərəcə Selsi təşkil edə bilər
Bakı, 14 sentyabr, AZƏRTAC
İqlim dəyişmələri ilə bağlı hər il baş verən təbii fəlakətlərin sayı son 50 il ərzində beş dəfə artıb, iqtisadiyyata vurulan zərər isə gündə 200 milyon dollar təşkil edir. Bununla belə, bəşəriyyət mədən yanacağından asılılıqdan inadla əl çəkmək istəmir.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının rəhbərinin bu fikri iqlim vəziyyətinə həsr olunmuş “United in Science” (“Elmdə həmrəylik”) adlı yeni məruzənin nəşri ilə əlaqədar müraciətində əks olunub.
Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) himayədarlığı ilə hazırlanan qurumlararası məruzənin müəllifləri xəbərdarlıq edirlər ki, bu gün görülən tədbirlərdən daha irimiqyaslısı qəbul edilməzsə, o halda iqlim dəyişmələrinin fiziki və sosial-iqtisadi fəsadları daha da dağıdıcı olacaq.
Məruzədə bildirilir ki, istixana qazlarının qatılığı artmaqda davam edir və qazıntı şəklində çıxarılan yanacaqla bağlı tullantıların həcmi təcridetmə rejiminin tətbiqi ilə əlaqədar müvəqqəti azalmadan sonra artıq pandemiyaya qədərki səviyyəni üstələyir. Ekspertlərin fikrincə, istiləşməni 1,5 dərəcə Selsi həddində saxlamaqdan ötrü 2030-cu ilədək tullantıların azaldılması üzrə öhdəliklər bugünkü ilə müqayisədə 7 dəfə artırılmalıdır.
Məruzənin müəllifləri hesab edirlər ki, ümumilikdə şəhərlərdə yaşayan milyardlarla insan, - antropogen tullantıların 70 faizi onların payına düşür, - irimiqyaslı sosial-iqtisadi fəsadlarla qarşılaşacaqlar.
Sənəddə iqlim dəyişmələri və bu hadisənin nəticələri barədə son elmi məlumatların məcmusu təqdim edilib. Ekspertlər dəyişən iqlimə uyğunlaşma üzrə tədbirlər görməyə çağırırlar.
Proqnozlara görə, 2022-ci il və 2026-cı il arasında hər il üçün orta illik qlobal yer qatına yaxın temperatur sənayeləşməyəqədərki (1850-1900) səviyyədən 1,1-1,7 dərəcə Selsi yüksək olacaq.
XXI əsrdə qlobal istiləşmə cari siyasətin davam edəcəyi şəraitdə 2,8 dərəcə Selsi (2,3-3,3 dərəcə Selsi diapazonda) yaxud da yeni və dəqiqləşdirilmiş öhdəliklərin tam yerinə yetirilməsi zamanı 2,5 dərəcə Selsi (2,1-3,0 dərəcə Selsi diapazonda) qiymətləndirilir (66 faiz ehtimalla).
Dönüş anlarının bundan sonrakı tədqiqatı həlledici əhəmiyyət kəsb edəcək.
Qrenlandiya və Antarktikanın qütb buzlaqlarının əriməsi əsas dönüş məqamlarından biri hesab olunur və bir neçə yüz ildən bir neçə min ilədək miqyasda dəniz səviyyəsinin əhəmiyyətli dərəcədə əlavə olaraq artması səbəbindən qlobal fəsadlara gətirib çıxara bilər.
Amazon tropik meşələrinin qurudulması kimi regional miqyaslı dönüş anları qlobal dərəcədə kaskad təsirlərlə birgə yerli səviyyədə ciddi fəsadlara gətirib çıxara bilər. Digər misallara qlobal karbon silsiləsinə təsir göstərən və musson kimi əsas hava sistemlərini pozan regional quraqlıqlar aid edilir.