CƏMİYYƏT
Təhsil müəssisələri ətrafında park etməklə süni sıxlıq yaradan sürücülər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəza tədbirləri görüləcəkdir
Bakı, 14 sentyabr (AZƏRTAC). Yeni dərs ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrinə gedənlərin, o cümlədən şagirdlərin, tələbələrin və digərlərinin təhlükəsizliyinin təmin edilməsi, onların rahat və fasiləsiz hərəkətinin təşkili məqsədi ilə şəxsi avtomobillərlə təhsil müəssisələri ətrafında park etməklə süni sıxlıq yaradan sürücülər barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəza tədbirləri görüləcəkdir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov AZƏRTAC-a bildirmişdir ki, yeni dərs ilinin başlanması ilə əlaqədar yol polisi gücləndirilmiş iş rejimində işləyir. Paytaxt ərazisindəki təhsil müəssisələri tam nəzarətə götürülmüşdür. Təhlükəsizliyin təmin edilməsi, asayişin qorunması məqsədi ilə zəruri tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun xüsusi əmrinə əsasən, sentyabrın 10-dan etibarən “Diqqət, uşaqlar!” adı altında təhlükəsizlik aylığı keçirilir.
Yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxtın mərkəzi küçələrində yerləşən təhsil müəssisələri və onlara bitişik küçə və yollar üzrə avtomobillərin hərəkət intensivliyinin artması ehtimalı yarandığından Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əhaliyə, avtomobil sahiblərinə və sürücülərə ehtiyatlı olmağı tövsiyə edir. Bildirir ki, təhsil müəssisələrinin yerləşdiyi əraziyə bitişik küçə və yollarda dayanmanı, durmanı, parklanmanı qadağan edən nişanların təsir zonasında dayanmaq və yaxud piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərdə, yolların kəsişdiyi nöqtəyə yaxın məsafələrdə, zolaqlı xətlərin üzərində avtomobillərin park edilməsi digər hərəkət iştirakçılarına maneə yaradır. Bu da yollarda süni sıxlığın və tıxacların yaranmasına gətirib çıxarmasına səbəb olan hallardandır. Ona görə də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərindən təhsil müəssisələri istiqamətində şəxsi avtomobillərlə hərəkət edərkən qeyd olunan göstəricilərə riayət olunmasını tələb edir. Əks təqdirdə onların avtomobilləri müvəqqəti mühafizə edilən dayanacaqlara evakuasiya olunacaq, yaxud onların yerindəcə fotomaterialı hazırlanacaq və cərimə ediləcəkdir. Bu halların baş verməməsi üçün əhalinin daha çox ictimai nəqliyyat vasitələrindən istifadə etməsi tövsiyə olunur.