Tələbələr və şagirdlər arasında Hüseyn Cavidə həsr olunmuş bədii qiraət müsabiqəsi
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələr və şagirdlər arasında böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib. Tədbirdə universitetin müəllim və tələbələri, həmçinin ADPU-da keçirilən “Aşıq qapı” günləri layihəsi çərçivəsində Bakı şəhəri 245 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbirin Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil olunduğunu bildirib. Rektor deyib ki, Hüseyn Cavidin yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan ibarət olub. O, yeni nəslin düşüncəsində, dünyagörüşündə Cavid obrazının canlanmasında, onun müasirimizə çevrilməsində ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olduğunu xatırladıb. Ulu Öndərin ədibin irsinə daim yüksək dəyər verdiyini söyləyən C.Cəfərov bu diqqətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.
Dramaturqun həyat və fəaliyyətindən danışan filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov Hüseyn Cavidin fəaliyyətə şerilə başladığını, ilk pyesi “Ana”nı 1910-cu ildə yazdığını bildirib. Qeyd edilib ki, 1937-ci ilədək 20-dən çox pyes yazan Hüseyn Cavid Azərbaycan ədəbiyyatında mənzum dramın əsasını qoyub. Onun yaradıcılığındakı fəlsəfi və tarixi faciələr Azərbaycan dramaturgiyasında yeni mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da təsir göstərib. B.Xəlilov sənətkarın ədəbiyyatımızda mühüm rolundan, şair, dramaturq və istedadlı pedaqoq kimi yaradıcılığından söz açıb, “İblis”, "Peyğəmbər", "Şeyx Sənan" və digər əsərləri ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutduğunu vurğulayıb.
ADPU-nun ümumi tarix kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Əliyev, bədii qiraət ustası, Əməkdar Artist Ağalar Bayramov universitetdə Hüseyn Cavidin xatirəsinin anılmasını yüksək dəyərləndiriblər.
Tədbirdə Hüseyn Cavidin həyat və yaradıcılığına həsr edilmiş slayd nümayiş olunub.
Bədii qiraət müsabiqəsində tələbələr və şagirdlər Hüseyn Cavidin şerlərindən nümunələr səsləndirib, şairin sözlərinə yazılmış mahnıları ifa ediblər.