İDMAN
Tələbələrin XI respublika universiadasının qalibləri müəyyənləşmişdir
Bakı, 11 iyun (AZƏRTAC). Tələbələrin XI respublika universiadası başa çatmışdır.
“Gənclik” Tələbə İdman Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, 21 ali təhsil müəssisəsinin komandaları arasında 12 idman növü üzrə keçirilmiş yarışların qalibləri müəyyənləşmişdir.
Universiadanın əsasnaməsində göstərildiyi kimi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman təhsil ocağı və idmançıların peşəkar olduğunu nəzərə alaraq, qalib gəldiyi halda II, III və IV yerləri tutmuş komandalara müvafiq olaraq I, II və III yerlər verilir. Beləliklə, final mərhələsində iki birinci yer verilir.
Bu qayda əsas götürülərək yarışlarda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Tibb Universiteti birinci, Bakı Dövlət Universiteti ikinci, Azərbaycan Dövlət İqtisad Universiteti üçüncü yerə sahib olmuşlar.
Kişilər arasında ilk pillədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Tibb Universiteti, ikinci və üçüncü yerlərdə Bakı Dövlət Universiteti və Milli Aviasiya Akademiyası qərarlaşmışlar.
Qadınlar arasında ilk pillədə isə yenə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Tibb Universiteti qərarlaşmışlar. İkinci və üçüncü yerləri isə Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları tutmuşlar.
Universiada yarışları idmanın cüdo, yunan-Roma güləşi, sərbəst güləş, həndbol, voleybol, basketbol, şahmat, badminton, dama, atletika, üzgüçülük və stolüstü tennis üzrə keçirilmişdir.