REGİONLAR
Tərtərdə Qurban bayramı münasibətilə xeyriyyə tədbirləri keçirilib
![](/files/galleryphoto/2017/3/1200x630/1504274896428002867_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/15042748965780630952_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/15042748965694219133_1200x630.jpg)
Tərtər, 1 sentyabr, AZƏRTAC
Müsəlman dünyasının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı respublikanın hər yerində olduğu kimi, cəbhə zonasında yerləşən Tərtər rayonunda da xoş əhval-ruhiyyə ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, bayram münasibətilə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri saflıq və mərhəmət rəmzi olan Qurban bayramı münasibətilə təbrik edərək, onlara əmin-amanlıq, cansağlığı və süfrələrinə ruzi-bərəkət arzulayıb. Bildirib ki, müqəddəs Qurban bayramı Azərbaycanda geniş qeyd olunur. Bu müqəddəs bayramda insanlar xeyirxah əməlləri ilə ehtiyacı olanlara yardımlar edir, kəsdikləri qurbanlardan onlara pay verirlər.
Cümə məscidinin axundu Sadiq Cəfərov bayramın fəzilətlərindən danışıb, dualar oxunub.
Sonra qurbanlıq qoyunlar kəsilərək, 7 min 500 ailəyə - Qarabağ, Böyük Vətən müharibəsi və Çernobıl əlillərinə, şəhid, aztəminatlı ailələrə, ahıl və tənha vətəndaşlara, təmas xəttinə yaxın yerləşən kəndlərin sakinlərinə, həmçinin hərbi hissələrə qurban payları göndərilib.
Sakinlər göstərilən maddi və mənəvi dəstəyə görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.