“The Herald Sun” qəzeti: Avstraliya Tennis Federasiyası idmançıları vaksinasiya ilə bağlı yanlış məlumatlandırıb
Bakı, 7 yanvar, AZƏRTAC
Avstraliya Tennis Federasiyası (“Tennis Australia”) idmançıları peyvənd edilməmək üçün tibbi icazə barədə yanlış məlumatlandırıb.
AZƏRTAC xəbər verir ki, belə bir iddia ilə “The Herald Sun” nəşri çıxış edib. Qəzetin məlumatına görə, ötən il dekabrın 7-də “Tennis Australia” açıq çempionatda iştirakla bağlı idmançılara məktub göndərib. Məktubda 2021-ci il iyulun 31-dən sonra koronavirusa yoluxan idmançıların tibbi icazə almaq barədə hər hansı problemlə qarşılaşmayacaqları qeyd edilib. Ancaq noyabrın 29-da Avstraliya hökuməti bunun yetərli olmadığını açıqlayıb.
Dünyanın bir nömrəli raketka ustası Novak Cokoviçin vizasının ləğvindən sonra Avstraliya sərhəd xidməti bir neçə tennisçinin sənədlərini nəzərdə keçirib. Araşdırmalardan sonra çexiyalı Renata Voraçovanın da vizası ləğv olunub.
N.Cokoviç Avstraliya açıq çempionatında iştirak etmək üçün Melburna gəlib və bu ölkənin sərhəd xidməti tərəfindən aeroportda saxlanılıb. Buna N.Cokoviçin peyvənd edilməmək üçün tibbi icazə barədə müvafiq sənədi xidmətə təqdim edə bilməməsi səbəb olub. Serbiyalı tennisçinin ləğv edilən vizası bərpa olunmayacağı təqdirdə onun Avstraliyaya girişinə 3 il müddətinə qadağa qoyulacaq.
Qeyd edək ki, 34 yaşlı tennisçi “Böyük dəbilqə” turnirlərində 20 qələbə qazanıb. O, 9 dəfə “Australian Open”, 6 dəfə “Uimbldon”, 3 dəfə ABŞ açıq, 2 dəfə “Roland Qarros” turnirinin qalibi olub. Onun Peşəkar Tennisçilər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən turnirlərdə ümumilikdə 86 qələbəsi var. N.Cokoviç həm də Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.