DÜNYA
Titanda okean Yer kürəsindəki Ölü dənizə oxşayır
Bakı, 5 iyul (AZƏRTAC). Planetoloqlar müəyyən etmişlər ki, Titanda yeraltı okean yüksək duzluluğu ilə fərqlənir. Bu, onu həyat üçün yararsız edir.
Saturn planetinin ən iri peyki olan Titanda okeanın mövcud olması iki il əvvəl məlum olmuşdur. Titanın bərk qabığı altında mayenin olmasını belə bir fakt göstərir: Titan Saturna görə vəziyyətindən asılı olaraq gah sıxılır, gah da genişlənir. Titan bütünlüklə bərk maddədən ibarət olsaydı, Saturnun cazibə qüvvəsi ona belə ciddi təsir göstərə bilməzdi.
Məqalə müəllifləri “Cassini” zondunun məlumatı əsasında Titanın qravitasiya xəritəsini tərtib etmişlər. Məlum olmuşdur ki, Saturnun peykindəki okeanın suları yüksək sıxlığı ilə fərqlənir və ehtimal ki, çox qatı şor sudan ibarətdir: onun tərkibinə natrium, kalium və kükürd duzları daxildir.
Titanın qravitasiya sahəsi qeyri-bərabər olduğuna görə buradakı okeanın dərinliyi müxtəlif rayonlarda fərqlənir. Alimlərə görə, bu, suyun okeanı örtən buz qabığını daxildən genişləndirərək haradasa donması ilə bağlıdır. Deməli, bu yerlərdə maye təbəqəsi Titanın səthi ilə, demək olar, təmasda olmur.
Xatırladaq ki, “Cassini” zondu bu yaxınlarda Titanda plastik kütlənin sintezi zamanı istifadə olunan əsas inqrediyenti - propileni aşkar etmişdir. Qeyd edək ki, Titan Günəş sistemində həmin maddənin aşkar edildiyi ilk obyektdir.