SİYASƏT
“TM News” saytında “Azərbaycan. Avropa Parlamentindən və ATƏT-dən olan müşahidəçilər arasında fikir ayrılığı” sərlövhəli məqalə dərc edilmişdir
Bakı, 17 oktyabr (AZƏRTAC). “TM News” saytında “Azərbaycan. Avropa Parlamentindən və ATƏT-dən olan müşahidəçilər arasında fikir ayrılığı” sərlövhəli məqalə dərc edilmişdir.
AZƏRTAC həmin məqaləni təqdim edir.
“Azərbaycanda bütün seçki prosesi barəsində Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) ilə Avropa Parlamenti arasında ciddi fikir ayrılıqları vardır. DTİHB öz rəyini əsaslı şəkildə yenidən nəzərdən keçirməlidir. Bizim bu barədə fikirlərimiz bir-birinə tamam ziddir” - bu sözləri Azərbaycanda prezident seçkilərində Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri Pino Arlakki demişdir.
Nümayəndə heyətinin rəhbəri sözünə davam edərək vurğulamışdır: “Bizim müşahidəçilər dələduzluq adlandırıla biləcək heç bir ciddi hadisə aşkar etməmişlər. Dünənki prezident seçkiləri çox sakit şəraitdə keçmiş, Avropa standartlarına uyğun olaraq yaxşı təşkil edilmişdir”.
Avropa Parlamentinin üzvü qeyd etmişdir ki, o və Brüsseldən gələn digər müşahidəçilər bütövlükdə seçki prosesini deyil, səsvermədən əvvəlki son bir neçə gündə və seçki günündə baş verən hadisələri izləmişlər.
Onun sözlərinə görə, mətbuat azadlığı sarıdan bəzi məhdudiyyətlər var, lakin ölkədə başlanmış müsbət prosesləri lazımınca qiymətləndirməmək olmaz. O demişdir: “Biz Azərbaycanı irəlilətməliyik. Hətta baş verən hadisələri kəskin tənqid edəndə də ölkəni demokratiyaya istiqamətləndirmək lazımdır. Əgər yalnız tənqid etsək, əks nəticə alarıq.
Bizim fikrimizcə, Azərbaycan elə bir ölkədir ki, onun demokratik təsisatlarını yaxşılaşdırmaq üçün ona kömək və dəstək göstərilməlidir. Əlbəttə, Azərbaycan demokratiyası inkişaf etmiş Avropa demokratiyası ilə müqayisə edilə bilməz, lakin düzgün istiqamətdə tərəqqi olduğunu görməyə bilmərik. Əlbəttə məhdudiyyətləri də görürük.
P.Arlakki və onun Avropa Parlamenti tərəfindən seçilmiş həmkarları bildirirlər ki, məruzə tamamilə səhv və düşmənçilik ruhundadır. P.Arlakki yazır: “Biz Azərbaycanla Assosiasiya haqqında saziş imzalamaq niyyətindəyik. Bundan əlavə, strateji tərəfdaşlığın inkişaf etdirən bəzi layihələr də vardır.
Seçicilər 80 faizindən çox səslə İlham Əliyevi üçüncü müddətə prezident təsdiq etmişdir.
Azərbaycanda prezident seçkiləri İlham Əliyevin inamlı qələbəsi ilə başa çatmış, seçkilər dinc keçmişdir. Seçicilərə təzyiq göstərilməmişdir. Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) və Avropa Parlamentinin Müşahidəçilər missiyasının rəhbəri Pino Arlakki təsdiq edir.
Missiya başa çatandan sonra dərc edilmiş bəyanatda AŞPA-nın və Avropa Parlamentinin müşahidəçiləri seçkilərin azad, ədalətli və şəffaf keçirilməsini təsdiq edir, dünənki seçkilərin dinc şəraitdə keçməsini vurğulayırlar. Seçkilərə texniki hazırlıq səviyyəsi də yaxşı qiymətləndirilmişdir.
“Biz buraya dərs verməyə yox, seçkiləri müşahidə etməyə gəlmişik. Biz gördük ki, seçkilər sakit şəraitdə keçmişdir”, - deyən P.Arlakki belə davam etmişdir: “Biz seçicilərə təzyiq göstərilməsi hallarını görmədik”.
Lakin P.Arlakki onu da qeyd etmişdir ki, əsas azadlıqlar istiqamətində tərəqqi davam etdirilməlidir. AŞPA - Avropa Parlamenti missiyasının müşahidəçilərinin yekun məruzəsi yaxın həftələrdə təqdim ediləcəkdir.