Torakal cərrah: Tənəffüs çətinliklərinə diqqət yetirilməlidir
Bakı, 13 may, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında icra olunan mürəkkəb əməliyyatlardan biri də traxeostoma - nəfəs borusuna dəlik açılması ilə bağlıdır.
Klinikanın torakal cərrahı Arif Ağayev AZƏRTAC-a bildirib ki, həmin əməliyyat uzun müddət - 14 gün və daha artıq müddətdə süni tənəffüs aparatında qalan xəstələrdə icra olunur: “Nəfəs borusuna dəlik açılandan sonra stenoz kimi fəsadların olması mümkündür. Lakin bunlardan qaçmağın müəyyən yolları da var. Bu zaman qabaqlayıcı tədbirlər qismində borunun balonunun hər 4 saatdan bir boşaldılması, davamlı təmizlənməsi prosedurunun aparılması və borunun üç gündən bir dəyişdirilib yenilənməsi aiddir. Bu önləyici tədbirlər stenoz yaranması riskini aşağı salır. Lakin istənilən halda, risk yenə də qalır”.
A.Ağayevin sözlərinə görə, stenozun əsas əlaməti nəfəs darlığı, tənəffüs zamanı fit səsinin gəlməsi, yəni xüsusi səsli nəfəsalma-nəfəsvermə olması, boğulmadır. İlkin klinik və anamnestik müayinələrdən sonra diaqnozu dəqiqləşdirmək üçün kompüter tomoqrafiya, bronxoskopiya aparılması kifayət edir. Xəstəliyin müalicəsi onun ağırlıq dərəcəsindən və mərhələsindən asılı olaraq endoskopik və açıq cərrahi üsullarla icra edilir ki, bunun da müəyyən texniki çətinlikləri var.
Torakal cərrah qeyd edib ki, yalnız təcrübə və düzgün müalicə ilə sonrakı fəsadlardan qaçmaq olar.