ELM VƏ TƏHSİL
Torpaqlarının hidrofiziki xassələrinə dair monoqrafiya nəşr edilib
Bakı, 24 dekabr, AZƏRTAC
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri coğrafiya elmləri doktoru Çingiz Gülalıyevin “Azərbaycan torpaqlarının istilik-elektrik, hidrofiziki xassələri və onların praktiki əhəmiyyəti” kitabı nəşr edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiya müəllifin çoxillik apardığı tədqiqat nəticələrinin ümumiləşdirilməsi əsasında yazılıb.
Əsər Azərbaycanın əsas torpaq tiplərində temperaturkeçirmə, istilikkeçirmə, istilik tutumu, istilikmənimsəmə, elektrikkeçiriciliyi, elektrik müqaviməti, dielektrik nüfuzluğu, dielektrik itki bucağı tangensinin torpağın sıxlığından, nəmlənmə faizindən, temperaturundan, fiziki, kimyəvi tərkibdən, torpaq profilinin dərinliyindən, elektrik sahəsinin tezliyindən asılı olaraq dəyişmə qanunauyğunluqlarının kompleks şəkildə öyrənilməsinə həsr olunub.
Bu kitab torpağın nəmlik və temperaturunu qeyd edən çoxparametrli nəmlik-istilik ölçən cihazın təkminləşdirilməsində, müxtəlif meliorativ tədbirlərin yerinə yetirilməsində, torpaq nəmliyinin, istiliyinin, elektrik xassələrinin öyrənilməsində ali məktəb tələbələri, doktorantlar, torpaqşünaslar, aqrofıziklər, ümumiyyətlə bu sahə ilə maraqlananlar üçün faydalı mənbə ola bilər.