ELM VƏ TƏHSİL
Tovuz rayonunda daha bir məktəb binası istifadəyə verilmişdir
Tovuz, 13 sentyabr (AZƏRTAC). Sentyabrın 13-də Tovuz şəhərindəki Elxan Məmmədov adına tam orta məktəb üçün inşa olunan 360 yerlik yeni məktəb binası istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov və Milli Məclisin deputatı Qənirə Paşayeva respublikada, o cümlədən Tovuzda aparılan abadlıq və quruculuq işlərindən, ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışmışlar.
Çıxışçılar məktəblərin infrastrukturunun yeniləşməsi sahəsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərindən danışaraq qeyd etmişlər ki, Fondun təşəbbüsü ilə reallaşan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində son illər rayonda 3 məktəb binası istifadəyə verilmişdir. Bundan əlavə, daha 14 məktəb binası dövlət vəsaiti hesabına tikilmişdir. Hazırda rayonda daha 3 məktəb binasının tikintisi davam edir.
Tədbirdə çıxış edən müəllim və şagirdlər bu şəraiti yaratdığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonra tədbir iştirakçıları 18 sinif otağından, fizika, kimya laboratoriyaları, 2 informatika otağı, kitabxana və idman zalından ibarət olan, müasir avadanlıqla təmin edilmiş ikimərtəbəli yaraşıqlı məktəb binası ilə tanış olmuşlar.