DÜNYA
“Toyota” 20 avtomobil modelinin istehsalını müvəqqəti dayandırmışdır
Tokio, 8 noyabr (AZƏRTAC). Yaponiyanın avtomobil istehsalı nəhənglərindən olan “Toyota” şirkəti Tailanddakı daşqınlarla əlaqədar daxili bazar üçün istehsal olunan 20 avtomobil modelinin istehsalını dayandırmışdır.
Şirkətin yaydığı məlumatda bildirilir ki, ötən həftə 4 modelin istehsalı təxirə salınmışdı. Yaranmış vəziyyət şirkəti onların sayını 20-yə çatdırmağa məcbur etmişdir. İstehsalın hansı müddətə dayandırılması barədə heç bir məlumat verilməsə də bunun Yaponiya avtomobil bazarına vurduğu böyük ziyan artıq hiss olunmaqdadır.
“Toyota” şirkəti, eyni zamanda istehsalı digər ölkələrdəki müəssisələrində də azaltmaqdadır. Noyabrın 4-də komplektləşdirici hissələrin çatışmaması şirkəti doqquz dövlətdə yerləşən zavodlarında istehsalı azaltmağa məcbur etmişdi. Ümumilikdə Yaponiya, ABŞ, CAR, Kanada, İndoneziya, Filippin, Vyetnam, Pakistan və Malayziyadakı zavodlarda istehsalın həcmi azaldılmışdır. Bu həftədən başlayaraq zavodlarda yeni iş rejimi tətbiq olunacaqdır. Onun nə vaxt aradan qaldırılacağı barədə məlumat verilmir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio