ELM VƏ TƏHSİL
TQDK magistraturaya qəbul imtahanının birinci mərhələsini martın 4-də keçirəcəkdir
Bakı, 3 mart (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 4-də cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirəcəkdir. İmtahan Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində aparılacaqdır.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 8-dən 18-dək aparılmış və imtahanda iştirak etmək üçün 18 min 19 bakalavr ərizə vermişdir. Onlardan 15 min 825 nəfəri Azərbaycan bölməsi, 2194-ü rus bölməsi üzrə imtahan verəcəkdir. Ərizə verənlərin 8459 nəfəri oğlan, 9560 nəfəri isə qızlardır.
İmtahanda iştirak etmək üçün bakalavrlar fevralın 27-dən etibarən elektron ərizələrinə daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni əldə etmişlər. Orada göstərilən ünvanda və tarixdə imtahanda iştirak etmək üçün bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyəti təsdiq edən sənədin əslini imtahana mütləq gətirməlidirlər.
Qəbul imtahanı Bakı şəhərində 25, Naxçıvanda 1, Gəncədə 3, Lənkəranda 1 binada keçiriləcəkdir. Bakıda 15 min 168, Naxçıvanda 603, Gəncədə 1976, Lənkəranda isə 272 bakalavrın imtahan verəcəyi gözlənilir.
İmtahanın idarə olunması üçün 124 imtahan rəhbəri, 1328 nəzarətçi-müəllim cəlb olunacaqdır.
Bütün bölgələrdə qəbul imtahanının gedişini TQDK-da akkreditasiyadan keçmiş 40-dan çox KİV nümayəndəsi müşahidə edəcəkdir.
İmtahan bütün binalarda saat 13:00-da başlanacaq və sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılacaqdır.
Bakalavrlara ümumi məntiqi təfəkkürün yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika fənni üzrə 25 test tapşırığı təqdim olunacaqdır.