DÜNYA
Trampa qarşı sui-qəsddə şübhəli bilinən şəxsə 2 maddə üzrə ittiham irəli sürülüb
Vaşinqton, 16 sentyabr, AZƏRTAC
Ötən gün ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdində təqsirli bilinən Rayan Uesli Rout Floridada Palm Biç şəhərində məhkəmə qarşısına çıxarılıb.
AZƏRTAC-ın məlumatına görə, ona qarşı odlu silah saxlamaq və seriya nömrəsi silinmiş odlu silaha sahib olma ilə bağlı maddələr üzrə ittiham irəli sürülüb.
Müttəhim özünü təqsirli bilməyib. İlkin dinləmələr sentyabrın 23-ü, onun çıxışı isə sentyabrın 30-na təyin olunub. Ona qarşı yeni maddələr üzrə ittihamların da elan olunacağı gözlənilir.
Məhkəmə sənədlərində həmçinin müttəhimin təqsirli bilinəcəyi təqdirdə onu gözləyən cəzalar qeyd olunub. Odlu silaha sahib olmaq ittihamı 15 il həbs, 250 min dollar məbləğində cərimə və üç il şərti azadlığa buraxılma cəzalarını nəzərdə tutur.
Seriya nömrəsi silinmiş odlu silaha sahib olmaqla bağlı cinayəti təsdiqlənərsə, onu 5 il azadlıqdan məhrum edilmə, 250 min dollar cərimə və 3 il şərti azadlığa buraxılma cəzaları gözləyir.
Həmçinin hüquq-mühafizə orqanları hadisə ilə bağlı yeni araşdırmalar verməyi planlaşdırır.
Palm Biç şəhərinin Polis Ofisi yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 00:00) Gizli Xidmət və FTB rəsmiləri ilə bir araya gələcək. Daha sonra media nümayəndələri üçün açıqlamanın verilməsi nəzərdə tutulub.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton