MƏDƏNİYYƏT
Tur-aksiya həm də astaralı uşaqların intellektual oyunların qalibi olması ilə yadda qaldı
Astara, 22 avqust (AZƏRTAC, Bağır Əliyev). “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində dörd gün Gəncə-Şəmkir-Göygöl marşrutu ilə maarifləndirici tur-aksiyada iştirak edən astaralı şagirdlər avqustun 22-də doğma şəhərə qayıtdılar.
AZƏRTAC xəbər verir ki, tur-aksiyanın iştirakçılarını rayonun rəhbərləri, müəllimlər, valideynlər və ictimaiyyətin nümayəndələri qarşıladılar.
Qrupun rəhbəri, Kijabə qəsəbə tam orta məktəbinin müəllimi Azər Kişiyev ilk təəssüratını AZƏRTAC ilə bölüşərək dedi: “Azərbaycanın qərb bölgəsindən zəngin təəssüratla qayıtmışıq. Astara rayonunun IX- XI sinif şagirdləri regionun qədim tarixi, mədəniyyət abidələri, Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları, sosial-iqtisadi inkişafı ilə yaxından tanış oldular.
Şübhəsiz, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən tur-aksiya şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsində mühüm rol oynayacaq. Ekskursiyada iştirak edən şagird və müəllimlər adından göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm”.
Astara şəhər 3 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Miryusif Kamallı ekskursiya ilə bağlı təəssüratlarını belə ifadə etdi: “İlk dəfə idi ki, belə tur-aksiyada iştirak edirdim. Qədim Gəncə şəhərində, Şəmkir və Göygöl rayonlarında gördüklərimiz bizi heyran etdi. Gördüklərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Burada hər şey gözəl idi. Biz bölgənin tarix və mədəniyyət abidələri, sosial-iqtisadi inkişafı ilə yaxından olmaqla yanaşı, asudə vaxtlarımızda müxtəlif əyləncəli proqramlarda iştirak edirdik. Tur-aksiyada iştirak edən Astara və Lerik rayonlarının şagirdləri arasında keçirilən intellektual oyunlarda astaralı uşaqlar daha inamlı oyun nümayiş etdirərək kubok və diplomla təltif edildilər. Hamımız doğma şəhərə böyük sevinclə qayıtmışıq. Bizə bu sevinci bəxş edən dövlətimizin başçısına “Çox sağ olun!” deyirik”.
Maarifləndirici tur-aksiyanın digər iştirakçıları-Siyəkü kənd tam orta məktəbinin IX sinif şagirdi Rəşid Şakirli, şəhər 2 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Jalə Əlizadə, Kijabə qəsəbə tam orta məktəbinin ingilis dili müəllimi Şeyda Babayeva və başqaları da səfərdən zəngin təəssüratla qayıtdıqlarını bildirdilər.