Tur-aksiya iştirakçıları arasında Göygöl məktəbliləri də var
Göygöl, 15 mart, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən tur-aksiyaya Göygöl məktəbliləri də qoşulublar. Məktəblilər martın 15-dən 18-dək Qəbələ-Şəki-Zaqatala marşrutunun iştirakçıları olacaqlar.
AZƏRTAC xəbər verir ki, martın 15-də rayonun Heydər Əliyev Mərkəzində tur-aksiya iştirakçılarının yolasalma mərasimi keçirilib.
Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov qeyd edib ki, rayonun ümumtəhsil məktəblərinin şagirdləri maarifləndirici tur-aksiyaya böyük həvəslə qoşulurlar. Aksiyanın budəfəki mərhələsində rayon üzrə 40 məktəbli iştirak edəcək. Tur-aksiyanın proqramı təkcə bölgələrin sosial-iqtisadi, tarixi-mədəni həyatı ilə tanışlıqla bitməyəcək. Şagirdlərə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat veriləcək.
Məktəblilərin diqqətinə çatdırılıb ki, onlar “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Azərbaycanın cənnət guşələri olan Qəbələ-Şəki-Zaqatala marşrutunun iştirakçıları olacaqlar. Ekskursiya çərçivəsində şagirdlər bölgənin adət-ənənələri, mətbəxi, təbiət gözəllikləri, zəngin meşələri, qonaqpərvərliyi ilə daha yaxından tanış olmaq imkanı qazanacaqlar. Qəbələ, Şəki və Zaqatalanın keçmiş və müasir simasını əks etdirən tarix-diyarşünaslıq muzeyləri, qədim tarixi abidələri, gənclər mərkəzləri, olimpiya kompleksləri, bayraq meydanları, rəsm qalereyaları və digər obyektləri ilə tanışlıq şagirdlərin yaddaşında silinməz izlər buraxacaq.
İcra hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova tur-aksiyanın əhəmiyyətindən söz açaraq, şagirdlərin tanış olacağı Qəbələ-Şəki-Zaqatala bölgəsi haqqında məlumat verib.
Təhsil Şöbəsinin müdiri Elbrus Atayev şagirdlərə tur-aksiya zamanı yeni biliklər öyrənmələrini və dostlar qazanmalarını tövsiyə edib.
Mərasimdə çıxış edən müəllim və valideynlər şagirdlər üçün yaradılmış şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Ulu öndər Heydər Əliyevin mərkəzdə ucaldılmış abidə kompleksi qarşısına tər gül-çiçək dəstələri düzən tur-aksiya iştirakçıları Qəbələ şəhərinə yola düşüblər.