MƏDƏNİYYƏT
Turan Cavidin 90 illiyi qeyd edilmişdir
![Turan Cavidin 90 illiyi qeyd edilmişdir](/files/2013/3/1200x630/14071450611977434960_1200x630.jpg)
Bakı, 23 oktyabr (AZƏRTAC). Oktyabrın 23-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin ekspozisiya zalında Turan Cavid Qadın Mərkəzi İctimai Birliyi və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycanın romantik şairi, görkəmli dramaturqu Hüseyn Cavidin yadigarı, tanınmış ictimai xadim Turan Cavidin anadan olmasının 90 illiyinə həsr olunmuş “Turan xatirələrdə” adlı yubiley gecəsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Turan Cavidin yaxınları, onunla birlikdə çalışmış insanlar, teatr xadimləri, muzey əməkdaşları, mədəniyyət və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri gecədə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva yubilyarın həyat və fəaliyyəti haqqında məlumat vermişdir.
Bildirilmişdir ki, T.Cavid fəaliyyətinə 1953-cü ildən Teatr Muzeyində başlamış, 1968-ci ildən 1990-cı ilə qədər muzeyin direktoru olmuşdur. Sonralar o, ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə açılan Hüseyn Cavidin ev-muzeyinin direktoru olmuş, ömrünün sonunadək muzeyə rəhbərlik etmişdir. Turan Cavidin fədakar əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülmüş, Əmək Rəşadətinə Görə medalı və Azərbaycan Milli Elmlər Akademiyasının fəxri fərmanı ilə təltif edilmişdir. Turan Cavid 2004-cü il sentyabrın 12-də ömrünün 81-ci ilində vəfat etmiş, Naxçıvanda Hüseyn Cavidin Məqbərəsində dəfn olunmuşdur.
Çıxış edənlər Turan Cavidin nəcibliyindən, insani keyfiyyətindən, atasına və ailəsinə sadiqliyindən söhbət açmışlar.
Tədbirə Cavidlər ocağına həsr edilmiş film nümayiş etdirilmiş, incəsənət ustalarının ifasında Hüseyn Cavidin sözlərinə bəstələnmiş əsərlər ifa olunmuşdur.