SİYASƏT
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında ölkələr arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunmuşdur
Bakı, 17 avqust (AZƏRTAC). Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) III Zirvə toplantısında ölkələr arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunmuşdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri TDƏŞ-in baş katibi Xəlil Akıncı Qəbələdə keçirdiyi mətbuat konfransında demişdir.
Xəlil Akıncı bildirmişdir ki, toplantıda universitetlərin birliyinin yaradılması, idman, mədəniyyət, nəqliyyat və gömrük sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Gömrük sahəsində əməkdaşlıq üçün yük daşımalarının təşviqi planlaşdırılmışdır. Toplantıda, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də diqqət mərkəzində olmuşdur.
TDƏŞ-in baş katibi diqqətə çatdırmışdır ki, türkdilli dövlətlərin xarici işlər nazirlərinin növbəti görüşünün sentyabrda Nyu-Yorkda keçirilməsi planlaşdırılır.