ELM VƏ TƏHSİL
TÜRKİYƏ UNİVERSİTETLƏRİNDƏ TƏHSİL ALMAQ İSTƏYƏN AZƏRBAYCANLI GƏNCLƏR ÜÇÜN QƏBUL İMTAHANI KEÇİRİLƏCƏKDİR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) təhsil sahəsində dövlətlərarası müqaviləyə əsasən, Türkiyənin Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzi (ÖSYM) ilə birgə qardaş ölkənin universitetlərində təhsil almaq istəyən Azərbaycan gəncləri üçün aprelin 20-də Bakı və Naxçıvan şəhərlərində qəbul imtahanı keçirəcəkdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, qəbulla bağlı elan www.tqdk.gov.az internet saytında yerləşdirilmiş, “Abituriyent” jurnalının 2-ci nömrəsində və kütləvi informasiya vasitələrində dərc olunmuşdur.
Bu il Azərbaycan gənclərinə Türkiyənin nüfuzlu 11 universitetində 20 ixtisas üzrə təhsil almaq üçün 37 yer ayrılmışdır. Sənəd qəbulu martın 30-dan aprelin 12-dək Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran və Şəki şəhərlərində fəaliyyət göstərən sənəd qəbulu komissiyalarında (SQK) aparılmışdır.
Türkiyədə ali təhsil almaq arzusunda olan 1599 abituriyent sənəd vermişdir. Azərbaycan bölməsi üzrə abituriyentlərin sayı 1371, rus bölməsi üzrə 228 nəfərdir.
İmtahana buraxılış vərəqələrini almaq üçün abituriyentlər aprelin 19-dək ərizə verdikləri SQK-ya müraciət edə bilərlər.
Bakıda imtahanlar Azərbaycan Texniki Universitetinin əsas, II və V korpuslarında (1428 abituriyent), Naxçıvan şəhərində - Naxçıvan Dövlət Universitetinin I korpusunda (171 abituriyent) keçiriləcəkdir.
İmtahanda Türkiyə Təhsil Nazirliyinin şöbə müdiri Şeref Yaman, Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzinin, Yüksək Öyrətim Kurumunun və digər müvafiq təşkilatların nümayəndələri iştirak edəcəklər.
İmtahan testləri qapalı bunker şəraitində TQDK və Türkiyədən gəlmiş mütəxəssislər tərəfindən hazırlanır.
Türkiyə ali məktəblərinə qəbul imtahanlarının başlıca cəhəti ondadır ki, abituriyentlər seçdikləri ixtisasdan asılı olmayaraq orta məktəbdə tədris olunan riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, tarix, dünya ədəbiyyatı fənlərindən imtahan verməlidir. Bu sıraya məntiqi suallar da daxildir. Sual kitabçası 100 test tapşırığından ibarətdir. İmtahanın müddəti 90 dəqiqədir. Türk dilindən imtahan verən abituriyentlərə əlavə 60 dəqiqə vaxt ayrılır.
Müsabiqə Türkiyə Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzi tərəfindən aparılacaqdır. Nəticələr Türkiyə tərəfindən TQDK-ya göndərildikdən sonra qəbul olunanların siyahısı KİV-də dərc ediləcək və TQDK-nın internet saytında yerləşdiriləcəkdir. Müsabiqədən keçən abituriyentlər Türkiyədə bir tədris ili müddətində “Türkcə Öyrətim Mərkəzləri”ndə türk dili hazırlıq kursu keçəcəklər. Əlavə olaraq türk dilindən müvəffəqiyyətlə imtahan verib müsabiqədən keçən abituriyentlər hazırlıq kursunda təhsil almadan birinci kursa qəbul olunacaqlar.
Azərbaycanlı gənclər Türkiyənin ali məktəblərinə daxil olduqları təqdirdə 2008-2009-cu tədris ili üçün ölkəmizin ali məktəblərinə keçirilən qəbul imtahanlarının müsabiqəsində iştirak etmək hüququnu itirəcəklər.