İDMAN
Türkiyəli idmançı Dəfnə Bakırcı: Azərbaycan zəngin mədəniyyətə sahib olan ölkədir
Bakı, 13 iyun, S.Allahverdiyeva, A.Rəcəbova, AZƏRTAC
Azərbaycanda keçirilən ilk Avropa Oyunlarının iştirakçısı olmaqdan böyük qürur hissi duyuram. Bugünkü çıxışımdan razı qaldım. Ümid edirəm ki, finala vəsiqə qazanacağam.
AZƏRTAC xəbər verir ki, bu sözləri birinci Avropa Oyunlarının sinxron üzgüçülük yarışında çıxış edən türkiyəli idmançı Dəfnə Bakırcı jurnalistlərə müsahibəsində deyib.
Özü üçün ən güclü rəqib kimi Böyük Britaniya və Hollandiya təmsilçilərini hesab etdiyini söyləyən D.Bakırcı ən böyük arzusunun ilk Avropa Oyunlarında qalib gəlmək olduğunu bildirib.
Bakıda təşkilatçılığın çox yüksək səviyyədə olduğunu, bütün işlərin dəqiq planlaşdırıldığını və həyata keçirildiyini diqqətə çatdıran D.Bakırcı deyib: “Burada özümü Türkiyədəki kimi hiss edirəm. Azərbaycan mədəniyyətinə çox böyük marağım var. Ümumiyyətlə, Azərbaycan gözəl və zəngin mədəniyyətə sahib olan ölkədir. Uşaqlıqdan üzgüçülüklə məşğulam və peşəkar idmana 9 yaşımdan gəlmişəm. Artıq həyatımı idmansız təsəvvür edə bilmirəm. Türkiyədə idmanın bu növü yeni sayılsa da, son dövrdə sürətlə inkişaf edir”.
D.Bakırcı Türkiyədə son illər idmanın bütün sahələrinin inkişaf etdiyini və ölkəsində böyük potensiala malik olan gənc idmançıların yetişdiyini vurğulayıb.
Xatırladaq ki, türkiyəli atletin fərdi yarışda çıxışı 75.7667 balla qiymətləndirilib.