ELM VƏ TƏHSİL
Türkmənistanda keçirilmiş beynəlxalq konfransda Azərbaycan alimi məruzə etmişdir
Bakı, 25 iyun (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev Türkmənistanın paytaxtı Aşqabadda “Xoşbəxtlik və əzəmətlik dövründə elm, texnika və innovasiya texnologiyaları” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktiki konfransda iştirak etmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə T. Əliyev “Anomal seysmik proseslərin və tikinti obyektlərinin seysmodayanıqlığının birləşdirilmiş noise monitorinq sistemi” mövzusunda məruzə ilə çıxış etmişdir.
Azərbaycan alimi, həmçinin Türkmənistan Elmlər Akademiyasının Seysmologiya İnstitutunun təcrübəli mütəxəssisləri ilə anomal seysmik proseslərin robast noise monitorinq (RNM ASP) stansiyalarının yaradılması üzrə hazırlıq işlərinin başlanılması haqqında danışıqlar aparmışdır.
Səfər çərçivəsində ekspedisiya təşkil edilmiş və Aşqabaddan 100 kilometr Xəzər dənizi tərəfə, Kopet dağının ətəyində iki yararlı quyu seçilmişdir. Bu stansiyaların quraşdırılması üçün artıq bir sıra hazırlıq işlərinin aparılmasına başlanılmışdır.