ELM VƏ TƏHSİL
Türkmənistanın ölkəmizdəki səfiri Azərbaycan Turizm İnstitutunda olmuşdur
Bakı, 10 yanvar (AZƏRTAC). Yanvarın 10-da Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşdur.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, görüşdə institutun rektoru, professor Cəfər Cəfərov ali təhsil ocağının fəaliyyəti və beynəlxalq əlaqələri barədə ətraflı məlumat vermişdir.
Rektor diqqətə çatdırmışdır ki, Türkmənistan-Azərbaycan münasibətlərinin kökündə qarşılıqlı hörmət, bərabərliyə və inkişafa əsaslanan dostluq və qardaşlıq münasibətləri dayanır. Bu münasibətlər çoxəsrlik milli ənənələrə söykənir.
Yeni ildə ilk tanışlıq görüşünə ATİ-dən başladığını deyən T.Komekov görüşün faydalı olacağına inandığını bildirmişdir. Qeyd etmişdir ki, Türkmənistan Xəzər dənizinin cənub-qərbində Turan ovalığında yerləşir. Dünyanın 52 böyük ölkəsi sırasında yer alan Türkmənistan 5 vilayətdən ibarətdir. Ölkənin paytaxtı Aşqabadda onlarla sənaye, elm, təhsil müəssisəsi və s. fəaliyyət göstərir. Türkmənistanın ali təhsil müəssisələrindən bəziləri ilə Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatik Akademiyası arasında ikitərəfli əməkdaşlıq müqaviləsi qüvvədədir. Türkmənistan iqtisadiyyatında neft-qaz sənayesinin mühüm yer tutmasına rəğmən ölkə həm də turizm infrastrukturu baxımından çox əhəmiyyətlidir. Türkmənistanda xüsusilə müalicəvi turizm inkişaf etmişdir. Müalicəvi turizmin ölkə büdcəsinə mənfəət gətirdiyini söyləyən diplomat görüşün turizm sənayesi üçün yüksəkixtisaslı kadr hazırlığı prosesi ilə tanışlıq məqsədi daşıdığını bildirmişdir. Səfir eyni zamanda, Türkmənistanın müvafiq ali məktəbləri ilə ATİ arasında tələbə-müəllim mübadiləsi sahəsində ikitərəfli əməkdaşlıq müqavilələrinin imzalanması, elmi konfrans və tanışlıq görüşlərinin təşkili və keçirilməsində maraqlı olduğunu vurğulamışdır.