İDMAN
UEFA Türkiyədə futbol üzrə kubok yarışlarının final oyununun razılaşdırılmış olmasını güman edir
Bakı, 11 iyun (AZƏRTAC). Avropa Futbol İttifaqı (UEFA) Rumıniyanın “Styaua” və Türkiyənin “Beşiktaş” komandaları ilə əlaqədar intizam araşdırmalarına başlamışdır. UEFA-nın nəzarət-intizam instansiyası (Nİİ) bu işləri araşdırandan sonra öz qərarını elan edəcəkdir.
Uefa.com saytının verdiyi məlumata görə, “Beşiktaş” komandasına qarşı iddia qaldırılması onunla bağlıdır ki, bu komandanın iki nümayəndəsi razılaşdırılmış matç təşkil edilməsi ilə əlaqədar əməllərdə şübhəli bilinir. Ehtimala görə bu cür hüquq pozuntuları 2011-ci ildə Türkiyə kubokunun final matçında baş vermişdir.
AZƏRTAC xəbər verir ki, Türkiyədə razılaşdırılmış matçlarla bağlı qalmaqalın təhqiqatı 2011-ci il iyul ayında başlamışdır. O vaxt şübhəli şəxslərin siyahısında Moskvanın “Spartak” futbol klubunun hücumçusu Emmanuel Emenike də vardı. Emenike bir neçə gün həbsdə saxlanılmış, lakin sonradan bəraət almışdı.
Bundan əlavə, işin halları araşdırıldıqdan sonra UEFA-nın intizam inspektoru razılaşdırılmış matçlarda “Fənərbaxça” nümayəndələrinin də iştirak etməsi ehtimalı ilə əlaqədar öz nəticələrini Türkiyə klubu və onun beş nəfər rəsmi əməkdaşı barəsində icraat çərçivəsində baxılmaq üçün təqdim etmişdir.
UEFA-2013/14-cü illər mövsümündə Çempionlar Liqasının reqlamentinin UEFA turnirlərində iştirak etməyə buraxılmaq meyarlarına aid maddələri əsasında “Styaua” komandasına qarşı intizam işi açılmışdır. UEFA-nın nəzarət-intizam instansiyası bu işlərin hər ikisinə iyunun 21-də UEFA-ın Nyondakı mənzil-qərargahında keçiriləcək iclasında baxacaqdır.