DÜNYA
Ukrayna DİN-in rəhbəri: Müxalifətlə danışıqlar nəticə verməmişdir, Kiyevdə ekstremizm ən yüksək həddə çatmışdır
Kiyev, 25 yanvar (AZƏRTAC). Milisin nümayişçilər və müxalifət deputatları ilə yanvarın 24-ü gecə davam etmiş danışıqları nəticə verməmişdir. Kiyevdəki hadisələr ekstremizmin ən yüksək həddinə çatmışdır. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin (DİN) rəhbəri Vitali Zaxarçenkonun müraciətində deyilir.
Nazir bildirmişdir: “Milisin nümayişçilər və müxalifət deputatları ilə gecə davam etmiş danışıqları nəticə verməmişdir. Onlar tutulmuş binaları nəzarətdə saxlayan və zorakılıq aksiyaları təşkil edən radikal qruplaşmalara artıq təsir göstərə bilmirlər.
DİN rəhbəri daha sonra demişdir ki, asayiş keşikçilərinin əldə etdikləri operativ məlumatlara görə, Həmkarlar İttifaqları Evində və Kiyev şəhər dövlət administrasiyasında odlu silah toplanır.
V.Zaxarçenko vurğulamışdır ki, dünya ictimaiyyəti artıq ekstremist hərəkatın ən yüksək həddinə çatmış bu hadisələrə göz yummamalıdır. Müxalifət liderləri radikal güclərlə əlaqəni kəsməmişlər, lakin artıq onlara nəzarət etmək iqtidarında deyillər və Ukrayna vətəndaşlarını təhlükəyə məruz qoyurlar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev