SİYASƏT
Ukraynada çıxan nüfuzlu “Урядовий кур’єр” qəzetində III Bakı Beynəlxalq Humanitar Forumuna həsr olunmuş “Bakinskiy standart” sərlövhəli məqalə dərc edilmişdir
Kiyev, 11 noyabr (AZƏRTAC). Bu günlərdə başa çatmış III Bakı Beynəlxalq Humanitar Forumu Ukraynanın mərkəzi mətbuatının və elektron KİV-lərinin diqqət mərkəzindədir. Bu gün, noyabrın 11-də Ukrayna mərkəzi icra hakimiyyəti orqanlarının nüfuzlu “Урядовий кур’єр” (“Hökumət xəbərləri”) qəzetində Ukrayna dilində “Bakinskiy standart” sərlövhəli məqalə (http://www.ukurier.gov.ua/uk/articles/bakinskij-standart/) dərc olunmuşdur.
Məqalənin müəllifi, forumun iştirakçısı, nəşrin baş redaktoru Sergey Braqa vurğulayır ki, III Bakı Beynəlxalq Humanitar Forumu humanitar əməkdaşlığın aktual məsələlərinin müzakirə edildiyi nüfuzlu məkan, mədəniyyətlərarası, sivilizasiyalararası və konfessiyalararası əməkdaşlıq sahəsində zəngin ənənələrə malik olan Azərbaycan isə belə formatda tədbirlər keçirilməsi üçün ideal yerdir.
Ukraynalı jurnalist forumda iştirak etmiş çoxsaylı nüfuzlu şəxslərin - ictimai-siyasi xadimlərin, sabiq dövlət başçılarının, Nobel mükafatı laureatlarının adlarını çəkir, müxtəlif ciddi mövzulara həsr edilmiş “dəyirmi masalar” barədə məlumat verir.
Məqalədə vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva forumun açılış mərasimində iştirak etmişlər. Azərbaycan dövlətinin başçısı açılış mərasimindəki nitqində qeyd etmişdir ki, humanitar məsələlər və humanitar əməkdaşlıq xalqları və ölkələri birləşdirən amillərdir.
Müəllif III Bakı Beynəlxalq Humanitar Forumundan aldığı təəssüratları bölüşərək qeyd edir ki, noyabrın 1-də forum çərçivəsində “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri” mövzusunda “dəyirmi masa” keçirilmişdir. “Dəyirmi masa” iştirakçıları yeni texnologiyalar və müasir mətbuat ilə bağlı məsələləri müzakirə etmişlər. Ukraynalı jurnalist yazır: Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) baş direktoru Aslan Aslanov “dəyirmi masa”da müzakirələri açıq elan edərək bildirmişdir ki, KİV-lər beynəlxalq dialoqun inkişafında mühüm rol oynayır, xalqlar və dövlətlər arasında hərtərəfli əlaqələrin tənzimlənməsinə şərait yaradır. Onu da qeyd edək ki, Sergey Braqa həmin iclasda “Sosial şəbəkələr hakimiyyətlə açıq dialoq vasitəsi kimi” mövzusunda məruzə ilə çıxış etmişdir.
Materialda vurğulanır ki, forum çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev də iştirak etmişdir.
Məqalənin sonunda deyilir: “Forum iştirakçıları bu cür tədbirlərin hər il keçirilməsinin zəruriliyini vurğulayaraq belə bir möhtəşəm aksiyanın keçirilməsinə görə Azərbaycan Prezidentinə, respublika hökumətinə, Heydər Əliyev Fonduna, forumun bütün təşkilatçılarına dərin təşəkkürlərini bildirmiş, qeyd etmişlər ki, bu aksiya cari ilin oktyabr ayının 31-dən noyabrın 1-dək Bakını humanitar problemlərə həsr olunmuş diskussiya mərkəzinə çevirmişdir”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev