UKRAYNANIN POPULYAR HƏFTƏLİK QƏZETİNDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEV HAQQINDA MƏQALƏ DƏRC EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ukraynanın populyar “Kiyevski teleqraf” həftəlik ictimai-siyasi qəzetinin növbəti nömrəsində ümummilli liderimiz haqqında “Hakimiyyət ustası. Azərbaycan xalqı vaxtilə Heydər Əliyevi seçmişdi” adlı məqalə dərc edilmişdir.
Ulu öndərin həyatı, siyasi və dövləti fəaliyyəti haqqında hərtərəfli məlumat verilən məqalədə vurğulanır ki, Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini, bu fövqəldövlətin ali rəhbərlərindən biri olarkən nəqliyyat, xalq istehlakı mallarının istehsalı, səhiyyə, təhsil, mədəniyyət, millətlərarası münasibətlər kimi geniş əhatəli məsələlərə cavabdeh idi. Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosuna üzv seçilmiş ilk azərbaycanlı olan Əliyev 20 il müddətində SSRİ parlamentinin üzvü olmuş və bu orqanın işində fəal iştirak etmişdir.
Qəzet yaxın keçmişə müraciət edərək yazır ki, 1993-cü ildə Azərbaycanda çox ağır vəziyyət yaranmışdı: vətəndaş müharibəsi həddində olan ölkə əslində dağılırdı, respublikada total böhran, hakimiyyətsizlik, özbaşınalıq hökm sürürdü. Dağlıq Qarabağla bağlı Ermənistan-Azərbaycan münaqişəsi ölkə ərazisinin bir hissəsinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsi ilə nəticələnmişdi, iqtisadiyyat bərbad vəziyyətdə idi. Respublikanın o vaxtkı rəhbərləri, özlərini demokrat adlandıran Xalq Cəbhəsinin nümayəndələri ölkəni parçalanma həddinə çatdırmışdılar.
Belə bir mürəkkəb dövrdə müdrik Azərbaycan xalqı Heydər Əliyevə müraciət edərək, millətin taleyi üçün məsuliyyəti öz üzərinə götürməsini xahiş etdi. 1993-cü il iyunun 15-də - sonradan Milli Qurtuluş günü elan edilmiş o əlamətdar tarixdə Əliyev Azərbaycan parlamentinin sədri seçildi, oktyabrda isə dövlət başçısı oldu. Sonrakı illər ərzində Azərbaycan iqtisadiyyatında böyük dəyişikliklər və islahatlar baş verdi. Bazar münasibətlərinə keçid və dünya iqtisadi sisteminə inteqrasiya Əliyevin fəaliyyətinin əsas istiqamətləri idi. Bir neçə onillik irəlini görən və dünya reallıqlarını uzunmüddətli perspektiv üçün götür-qoy etmiş bir siyasətçi kimi, o, həm qonşuları ilə, həm də Şərqdə və Qərbdə bütün dövlətlərlə dinc əməkdaşlığın birinci dərəcəli zərurət olmasını vurğulayırdı.
Məqalədə deyilir ki, artıq dörd ildir Heydər Əliyev aramızda yoxdur, lakin onun əvəzsiz irsi, təməlini qoyduğu dövlətçilik xətti və böyük ideyalar bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yaşayır, inkişaf edir, qalib gəlir. “Yurdda sülh, cahanda sülh” ideyası dünya birliyinə inteqrasiya edən müstəqil demokratik dövlət quruculuğu yolunda Azərbaycan xalqı üçün real və səmərəli nəticələr verir.
Qəzet məqalənin sonunda yazır ki, politoloqlar və jurnalistlər bəzən Heydər Əliyevi “hakimiyyət ustası” adlandırırdılar. Bu zaman Əliyev gülümsəyərək deyirdi ki, hakimiyyətin yalnız bir mənbəyi var, o da xalqdır. Heydər Əliyev hesab edirdi ki, onun siyasətdə uzun müddət qalmasının və uğurlarının sirlərini xalqın etimadında axtarmaq, özü də, sadəcə, insanların etimadının deyil, həm də ümidlərinin canlı təcəssümündə axtarmaq lazımdır. İnsanlar inanmalıdırlar ki, qarşıda onları dinc və xoşbəxt günlər, müharibəsiz, doğma diyarda qaçqınlarsız, ürəklərində rahatlıq, evlərində çörək olan gələcək gözləyir. Heydər Əliyevə inamın mahiyyəti məhz bu ümidlə müəyyən olunmuşdur…