Ulu öndər Heydər Əliyev aşıq sənətinə, folklorumuza daim yüksək qiymət verib
Bakı, 30 aprel, AZƏRTAC
Aprelin 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Heydər Əliyev və folklor” mövzusunda elmi konfrans keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Azərbaycan xalqının, mənəvi dünyamızın ən qiymətli sərvəti olan ədəbiyyatımıza, mədəniyyətimizə ümummilli lider Heydər Əliyevin diqqət və qayğısından söhbət açıb. O, dünya şöhrətli ictimai-siyasi xadim, böyük şəxsiyyət Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, aşıq sənətinə, folklora daim qayğı ilə yanaşdığını, alimlərimizin, yazıçı və klassiklərimizin yubileylərinin qeyd edilməsinə böyük diqqət göstərdiyini bildirib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli xalqın milli kimliyinin göstəricilərinin folklorda qorunub saxlanıldığını, məhz bu səbəbdən mili mənəvi dəyərlərə xüsusi önəm verən ulu öndər Heydər Əliyevin humanitar siyasətində folklorun yeri və çəkisinin həmişə seçildiyini deyib. AMEA-nın vitse-prezidenti Ulu Öndərin müvafiq Sərəncamına əsasən, 1998-ci ildə Azərbaycan xalqının tarixini, milli köklərini özündə əks etdirən “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin dünya səviyyəsində keçirildiyini, 2003-cü ildə AMEA-nın Folklor İnstitutunun yaradıldığını və Ümummilli Liderin mədəniyyət, ədəbiyyat sahəsində apardığı siyasətin bu gün də davam etdirildiyini vurğulayıb. Bildirilib ki, hazırda bu sahədə çalışan insanlar qayğı ilə əhatə olunublar. Mədəniyyətimizin inkişafına diqqət və qayğı nəticəsində mədəni irsimiz, incəsənətimiz, o cümlədən aşıq sənətimiz dünya miqyasında tanınır. Belə ki, Azərbaycan aşıq sənəti 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli çıxışında ulu öndər Heydər Əliyevin tarixi köklərimizə, türk dünyasının qədim eposlarına, folklorumuza daim yüksək qiymət verdiyini söyləyib.
Konfransda “Heydər Əliyev siyasi kursu və folklor”, “Heydər Əliyev siyasətinin poetikası”, “Liderlikdən ümummilli liderliyə aparan yol” və ”Heydər Əliyev və mərasim mədəniyyəti” mövzularında məruzələr dinlənilib.