ULU ÖNDƏR HEYDƏR ƏLİYEV HƏR ZAMAN QƏLBİMİZDƏ YAŞAYACAQDIR
AZƏRTAC xəbər verir ki, mayın 7-də Kənd Təsərrüfatı Nazirliyində ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ilə bağlı yığıncaq keçirilmişdir.
İştirakçılar əvvəlcə foyedə dahi şəxsiyyətin büstü önünə əklil qoymuş, güllər düzmüşlər.
Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra kənd təsərrüfatı naziri İsmət Abasov yığıncaqda çıxış edərək, ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu aqrar islahatların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizin iqtisadi qüdrəti artdıqca qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafına dövlət büdcəsindən daha çox vəsait yönəldiyini diqqətə çatdırmışdır.
Ulu öndər Heydər Əliyev hər zaman qəlbimizdə yaşayacaqdır, deyən İsmət Abasov bildirmişdir ki, Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafındakı xidmətləri özünü hələ sovet dövründə göstərmişdir. Ötən əsrin 70-ci illərində təkcə bol nefti və pambığı ilə deyil, soyuducuları və kondisionerləri ilə də tanınan Azərbaycan əsrin sonunda Heydər Əliyevin sayəsində ən irimiqyaslı iqtisadi layihələrin təşəbbüsçüsü və iştirakçısına çevrilmişdir.
Nazir vurğulamışdır ki, 1993-cü ildə ulu öndər yenidən hakimiyyətə qayıdanda ölkənin iqtisadiyyatı tənəzzülə uğramışdı. Zavod-fabriklər işləmir, sabitsizlik isə xarici investorları ölkəyə gəlməkdən çəkindirirdi. Belə bir vəziyyətdə Heydər Əliyev Azərbaycanda sosial-iqtisadi inkişaf üzrə strategiyanı həyata keçirməyə başladı. 1995-ci ildən etibarən ölkədə makro-iqtisadi sabitlik yarandı.
Aqrar islahatlar, kənd ərazilərinin və sahibkarlığın inkişafı şöbəsinin müdiri, professor İslam İbrahimov ümummilli liderin fəaliyyəti barədə geniş məlumat vermişdir.
İ.İbrahimov bildirmişdir ki, məhz Heydər Əliyevin rəhbərliyi zamanı ölkədə aqrar islahatların, özəlləşdirmənin, neft strategiyasının, sahibkarlığın, qeyri-neft sektorunun inkişafının təməli qoyulmuşdur. Nəticədə ölkədə iqtisadiyyatın inkişafında sabitlik yaranmış, artım, büdcə-vergi və pul-kredit siyasətində tarazlıq əldə olunmuş, inflyasiyanın səviyyəsi minimuma endirilmişdir.
Heydər Əliyevin həyat və fəaliyyətindən, eləcə də kənd təsərrüfatı sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan digər natiqlər də vurğulamışlar ki, ulu öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Diqqətə çatdırılmışdır ki, kənd əməkçiləri qarşıdan gələn prezident seçkilərində İlham Əliyevi alternativsiz namizəd sayırlar.
Sonda Yeni Azərbaycan Partiyası (YAP) sıralarına qəbul edilmiş işçilərə üzvlük vəsiqələri təqdim edilmişdir.